2019-cu ildə Azərbaycanda Prezidenti İlham Əliyev bir çox siyasi və iqtisadi yeniliklərə imza atıb, kadr və struktur islahatları həyata keçirib. Bu ili yadda qalan hadisələrindən biri də Prezidentin nazirliklərlə bağlı apardığı kadr islahatlarıdır.
2019-cu il iyunun 20-də Prezident İlham Əliyev general-polkovnik Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edildi.
Prezident Daxili İşlər naziri vəzifəsinə Vilayət Eyvazovu təyin etdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edən Əli Nağıyev gətirildi.
Bu ilin ən səs-küylü kadr islahatı isə oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi oldu. Prezidentin köməkçisi Əli Əsədov yeni Baş nazir təyin edildi.
Oktyabr 22-də Prezident İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edərək, Baş nazirin müavini təyin etdi.