Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol ölkəmizdə peşə təhsili sahəsində son illər həyata keçirilən islahatların məntiqi davamı və tərkib hissəsi hesab oluna bilər.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə də büruzə verir:
"Gənclərin əmək bazarına daha erkən və təhlükəsiz çıxışı, istehsalat təcrübəsinin hüquqi çərçivəyə salınması, şagird və tələbələrin əməyinin qorunması, işəgötürən–təhsilalan münasibətlərinin aydın və şəffaf tənzimlənməsi peşə təhsili sahəsindəki islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, dövlətlərarası əməkdaşlıq prioritetlərində də yer aldığını, sistemli, ardıcıl xarakter daşıdığını təsdiqləyir”.
Deputat bildirib ki, sənəd peşə təhsili sahəsində çoxillik və nəticəyönlü təcrübəyə malik olan Türkiyə Respublikası ilə birlikdə, ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçün institusional və praktik mexanizm yaradır:
"Peşə təhsili əmək bazarının formalaşmasının zəruri elementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyır və iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxış edir.
Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə strateji baxış bucağını açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsili müəssisələrinin necə idarə olunacağı, hansı model əsasında fəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi olduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyata keçirilən islahatların davamlı nəticələrə yol açması baxımından mühüm əhəmiyyətə malikdir.
Məhz bu baxımdan, hazırda müzakirə etdiyimiz əlavə protokolda yer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunu vurğulaya bilərik”.
E.Mirzəbəylinin sözlərinə görə, sənəddə nəzərdə tutulan mexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını, tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta, əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əmək qanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatların qarşılıqlı tanınmasını təmin edir.
"Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuş məhdud anlayış çərçivəsindən çıxarılaraq əmək bazarının ayrılmaz və əhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır.
Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffaf maliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedən müəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyə tərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək.
Bu model Prezident İlham Əliyevin Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə xidmət edir”, - deyə o fikrini tamamlayıb.






















