Milli Məclisdə çıxış edən deputat Elşən Musayev Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz etdi.
Deputat bildirib ki, artıq qeyd olunduğu kimi, Avropa Parlamenti Azərbaycana qarşı növbəti, qərəzli Qətnaməni qəbul edib və məlum qətnamənin həqiqətlə, reallıqla aşağı – yuxarı heç bir əlaqəsi yoxdur: "Eyni zamanda, bir məqamı vurğulamaq yerinə düşər ki, bu, ilk presedent deyil və biz zaman – zaman belə ədalətsiz davranışlarla üzbəüz qalmışıq. Amma paralel fonda da heç bir zaman düzgün bildiyimiz yoldan sapmamışıq, oxşar və mənasız tələblərə əhəmiyyət verməmişik, bundan sonra da verməyəcəyik.
Qətnamədə insan hüquqlarından, lap dəqiq desəm, bəlli və konkret insanların guya pozulmuş hüquqlarından bəhs edilir. Üstəlik, prioritet kontekstdə elə birilərinin adı keçir ki, onların bəziləri məhz insanlıq əleyhinə cinayətlər törədiblər və bəşəriyyət üçün təhlükəli olan ekstremizmi, separatizmi təbliğ ediblər.
Kimdir Bəhruz Səmədov? İqbal Əbilov. Ya da Əli Kərimli? Xaricdəki xüsusi xidmət orqanlarının əlində oyuncaq olanlar. Mənsub olduqları dövləti onurğa sütunundan sarsıtmağa çalışanlar. Milli dəyərləri təhqir edənlər və cinayəti, cinayətkarlığı öz həyat kredosuna çevirənlər”.
Deputat daha sonra bildirdi: "Avropa Parlamenti isə təəssüf ki, bu gün belə ünsürlərin müdafiəsindədir və ondan da böyük təəssüf ki, həmin müdafiəni Leyla Yunus və ona bənzərlərin, digər anti - Azərbaycan qüvvələrinin təqdim etdiyi siyahılar əsasında qurmağa çalışır.
Hərçənd, həmin parlamentarilər, iki vacib məqamı qətiyyən unutmamalı, daim xatırlamalı, hətta imkan olsa, qulaqlarına sırğa etməlidirlər.
Birincisi, Azərbaycanda söz azadlığı, siyasi mübarizə azadlığı, dini etiqad azadlığı olsa da, təhqir azadlığı, təxribat azadlığı, Konstitusion quruluşu zorla dəyişmək azadlığı, vətənə xəyanət azadlığı deyə bir şey yoxdur və əgər kimsə bu icraatı tətbiq və ya müdafiə edəcəksə, cavabını da mütləq alacaq. Həm siyasi, həm də hüquqi tərəfdən.
İkincisi...Unutmayın ki, bura nə "insan hüquqları” devizi altında "ağ günə çıxardığınız” Ukraynadır, nə QHT–lər vasitəsilə qarışdırmağa çalışdığınız Gürcüstandır, nə də bir başqası. Bura qalib və güclü Azərbaycandır. Ona görə də qalib və güclü ilə danışarkən həddinizi biləcəksiz: danışarkən də., danışdırılarkən də”.























