Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq böyük qürur hissi ilə bildiririk ki, ölkəmizdə ilk dəfə olaraq könüllü qan donorluğuna həsr edilmiş musiqili-poetik bir əsər – "Qanım qanımdadır, canın canımda” tezliklə ictimaiyyətə təqdim olunacaqdır.
Bu bədii nümunənin müəllifi, Mərkəzin idarə heyətinin sədri Fuad Rəsuldur. Şeir qan verənlə qan alan arasında yaranan mənəvi körpünü, insan həyatını xilas etməyin verdiyi ucalığı və bu yolda sərgilənən mərhəmət, həmrəylik, fədakarlıq kimi ali dəyərləri yüksək poetik dillə ifadə edir.
Əsərə musiqi isə tanınmış bəstəkar, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü Ruslan Səfəroğlu tərəfindən bəstələnmişdir. Onun melodiyasında həm poetik duyğuların dərinliyi, həm də humanist mesajın gücü əksini tapmışdır.
Bu layihə donorluğun yalnız tibbi deyil, həm də mənəvi və ictimai bir çağırış olduğunu vurğulayır. Hər damla qanla bir həyat xilas oluna bilər və bu əsər də həmin həyatların yaşaması üçün verilən səssiz fədakarlığın musiqili səsi olacaqdır.
"Qanım qanımdadır, canın canımda” əsəri ilk dəfə olaraq rəsmi təqdimat mərasimində səsləndiriləcək. Daha sonra müxtəlif maarifləndirici və sosial layihələr çərçivəsində ölkənin bir çox bölgələrində təqdim olunaraq, donorluğun təşviqində və gənclər arasında humanitar düşüncənin formalaşmasında mühüm rol oynayacaq.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq əminik ki, bu təşəbbüs yeni bir mədəni mərhələnin başlanğıcı olacaq və könüllü qanvermə hərəkatını daha geniş kütlələrə çatdırmaqda əhəmiyyətli töhfə verəcək.
Bu layihə – yalnız musiqi deyil, bir çağırışdır: Qanı ilə həyat verənlərin səssiz qəhrəmanlığına poetik və musiqili ehtiram!