Qənirə Paşayeva Tovuz rayonunda seçiciləri qəbul edib

OXUNUB: 742 SOSİAL

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda seçiciləri qəbul edib, onların müraciətlərini, qayğılarını dinləyib, onları maraqlandıran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb. Qənirə Paşayeva qaldırılan məsələlərin həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb və müraciətlərin böyük bir hissəsi öz həllini tapıb.

Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası, su, qaz, işıq, yol infrastrukturu ilə bağlı problemlər, bəzi məhkəmə qərarlarının icrasına dair məsələlər daha geniş yer tutub.

Millət vəkili vətəndaşlarla müzakirələr zamanı onlarla koronavirus pandemiyasından qorunmaq istiqamətində də maarifləndirici fikir mübadiləsi aparıb. Millət vəkili eyni zamanda, cənab Prezidentin rəhbərliyi altında COVİD-19-un geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı ümumrespublika miqyasında görülmüş mühüm işlərlə bağlı məlumatlar verib və bir daha COVİD-19-dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Komitə sədri həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin iştirakı ilə, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin kollektivi ilə də görüşüb.

Qənirə Paşayeva qeyd edib ki, bölgədə mədəniyyət və incəsənətin inkişafı, mədəni irsin qorunması sahəsində önəmli işlərin görülməsinə ciddi ehtiyac var. Q.Paşayeva ölkə  Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunması və inkişafına böyük diqqətini və dəstəyini xüsusi vurğulayaraq, bölgələrimizdə də bu işlərin sürətlə getməsi üçün konkret təkliflərlə çıxış edib. 

Tovuz rayonunun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar özlərinin və habelə mədəniyyət müəssisələrinə müraciət edən vətəndaşların, özəlliklə, gənclərin istək və arzularını bölüşüb, təşəbbüs və təkliflərini bildiriblər.

İrəli sürülən təkliflərlə bağlı Mədəniyyət Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət edəcəyini deyən Komitə sədri, toxunulan məsələlərin də, münasib qaydada öz həllini tapması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

RƏYLƏR