Azərbaycanın ideoloji cəbhəsi 34 ildir "AzTV-nin şineli”ndən çıxan bir çox acgözlərin, qarınquruların şıltaqlarından əziyyət çəkir, inildəyir. AzTV-nin sabiq sədri, rəhmətlik professor Nizami Xudiyevin şəxsi kabinetində "boya-başa” çatan diktorların indiki efirlərdə əlllərindən öpürlər. O, "məşhur” dövrləri xatırlayanlar və həmin diktorların bəzilərinin hansı mənəviyyatın daşıyıcısı olduqlarını bilənlər az deyil. Bu diktorlar xəbər oxuyublar, xəbər yaratmayıblar, bunların işi bədbəxt, zəhmətkeş jurnalistlərin əməyini üzündən oxumaq olub. Bu gün də belədir.
Zənnimcə, həmin dövrləri Qulu Məhərrəmli daha yaxşı şərh edə bilər, çünki Babək Hüseynoğludan sonra dövlət televiziyasında tuğyan edən şəhvət burulğanının ən acımasız dalğıcların biri məhz bu adam olub. Heydər Əliyevin ölüm günü övladına toy eləmək istəyən adamın ağzından qoşaşapalaqla sillə vuran Arif Alışanov hər cür buqələmunların "donos”larının deyil, məhz öz nəfsinin qurbanına çevrildi.
İndiki sədr Rövşən Məmmədov isə başını aşağı salıb işini görür, musqullarını şişirdir, vaxtilə Eldar mahmudovda olmayan xaotik tərzdə maşından düşür, liftə minir - bəli, məhz minir, tədbirə daxil olmur - rəsmən girir. Sədrimizin bodbilder yarışlarında qalib olacağına da inanıram. Amma efirdə ədəb-ərkanı da gözləyir, yaxşıdır, pis demək olmaz. Bu adam keçmişdə AzTV-də işləyən köhnə əməkdaşları da unutmur, evində ziyarət edir, iş təklif edir, onlardan biri də Nəsimi Nəbizadə idi. Amma Nəsimi istəmədi. Eşitdiyimə görə, Rövşən maksimum dəstək nədirsə, onu da etməyə çalışıb. Dövlət isə dəfələrlə bu adamı xilas edib.
Amma 52 yaşlı klassik diktor narkomanlığın, dələduzluğun, axmaqlığın, avaralığın lap dibinə qədər endi. Sonra da Qurtuluş Reablitasiya Mərkəzi adlı "əqidəyeyən” mərkəzin direktoru Ceyhun Salmanov onun qulağından tutub apardı müalicəyə. Məlumata görə, Nəsimi Nəbizadəyə sələfilikdən din dərsləri keçirilirmiş, Allahın "hidayət yolu" təlqin olunurmuş. O da fürsət tapan kimi aradan cırıb.
Nəsimiyə hörmətim artdı, sələfi olmaqdansa, narkoman olmaq daha yaxşıdır. Biri fiziki cəhətdən adamı məhv edir, o biri də mənən...
Dünən baxıram ki, Reabitasiya mərkəzinin direktoru qışqırır ki, "xalq olaraq, səfərbər olmalı, Nəsimini tapmalıyıq". Kimdir Nəsimi? Əlisa Nicat işıq pulunu ödəyə bilmir, evin içində üşüməsin deyə, üst-üstə 3-4 cırıq palto geyinir. Yox, bəlkə Nəsimi kinetik enerjini kəşf edib, elədir? Yandırın spirtləri! Bəlkə vaxtilə AzTV-də törətdiyi mənəvi cinayətlərin altını çəkir?!
Təlxəkliyə baxın da, deyir, Nəsimiyə maşın almışdıq, Həccə aparacaqdıq. Di gəl, bundan sonra sələfi olma da! Bütün saytlar da yazır: "Nəsimi qaçdı”, "Nəsimi metronun yanında göründü”, "Nəsimi tapıldı” və s. Heç olmasa, itmiş hüquqlarınızı, zorlanmış haqlarınızı da belə axtarın da! Məsələ narkomaniya ilə mübarizədirsə, o zaman onları sağaldıb başqa bir xəstəliyə - sələfiliyə niyə mübtəla edirsiniz?! Nəsimidən Hacı olar, a kişi, ziyarətdə şeytanlar Nəsimini daşlayacaq. Məkkədə qaçsa, hay taparsınız onu...
Milli Qəhrəmanımızın oğlu Ceyhun Əsgərova da, Nəsimi Nəbizadəyə də xalq hər şey edib, dövlət bu adamlardan heç nə əsirgəməyib, ev, pul, iş, təltif, hər şey verib. Amma düzəlmirlər də. Nədir, dövlət əlinə qırmanc alıb bunların dalı ilə düşməlidir? Gözdə-qulağda olun, C.Əsgərov sağlamlığına qovuşsun, qaçmasın. Sosial şəbəkələrdəki paylaşımlaran belə başa düşdüm ki, hamı işini-gücünü buraxıb Nəsimini qorumalıdır. Niyə də?! Bu ölkədə Nəsimidən yüz dəfə üstün olan minlərlə ləyaqətli jurnalist, alim, həkim, müəllim, mühəndis, fəhlə cürüyüb məhv olur, dərdini heç kəsə deyə bilmir.
Bəzən bizim qadınlardakı dəyanətə heyrət edirəm, məsələn, jurnalist Gülşən Şərifdə olduğu kimi... Şəxsən tanımıram, fotolarına baxıram.
Nəsimi narkotiklə, Gülşən xərçənglə döyüşür!
Hansı daha ləyaqətlidir, xalq-dövlət hansına daha çox sahib çıxmalıdır, siz düşünün...
müəllif: Samir Feyruzov
























