"Rabitəbank” ASC 2025-ci ili 11,331 milyon manat xalis mənfəətlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 23,7 % azdır.
Ötən il "Rabitəbank”ın gəlirləri 186,147 milyon manat (əvvəlki ilə nisbətən 11,3 % çox), xərcləri 158,463 milyon manat (11,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 11,797 milyon manat (2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4,555 milyon manat (20,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Rabitəbank”ın aktivləri 1 milyard 402,3 milyon manat olub ki, bu da illik müqayisədə 21,5 % çoxdur. Bunun 920,819 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,7 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank”ın öhdəlikləri 23,2 % artaraq 1 milyard 270,771 milyon manat, o cümlədən depozit portfeli 29,7 % artaraq 878,3 milyon manat, balans kapitalı isə 7 % artaraq 131,529 milyon manat olub.
Xatırladaq ki, "Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilaə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarıdır.
Əlavə edək ki, media məlumatlarına görə, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni eyni zamanda "Mega Sığorta” ASC-nin əsas səhmdarlarından biridir (19%).




















