Elmi, pedaqoji və ictimai fikir həyatımızda özünəməxsus yeri, önəmli xidmətləri olan Mehdi Nizami oğlu Rəhimov düşüncə, mənəviyyat və əxlaqı yüksək səviyyədə öz şəxsində bütövləşdirən dəyərli ziyalı idi…
Ömrünün ən məhsuldar çağında – 44 yaşında Mehdi müəllimin aramızdan zamansız ayrılığı təkcə ailəsi, doğmaları üçün deyil, bütövlükdə elmi və akademik mühitimiz üçün ağır və sarsıdıcı itkidir…
Elmi, dünyagörüşü, araşdırmaları, ziyalı mövqeyi, ləyaqətli alim duruşu ilə Mehdi müəllim cəmiyyətimizə hələ çox gərəkli idi…
Sözə dərin həssasiyyəti, əqidəsinə sədaqəti, qələminə bağlılığı, elmi təfəkkürə söykənən istedadı ilə öz yolu, aydın mövqeyi olan Mehdi Rəhimov heç kimi təkrarlamayan bənzərsiz bir ömür yaşadı…
Şərəfli bir müəllim ömrü…
Fədakar alim ömrü…
Gördüyü misilsiz işlərin alt qatında heç kimdən təmənna ummayan ucakönüllü insan ömrü…
Mənalı ömrünü elmə, təhsilə və insan yetişdirməyə həsr etmişdi… Gəncə Dövlət Universitetində başladığı müəllimlik yolundan etibarən Mehdi müəllim düşünən, düşündürən, istiqamət verən bir pedaqoq kimi formalaşmışdı. Tələbələri üçün o, sadəcə müəllim deyildi, həm də yol göstərən bir örnək idi…
Son illərdə Mingəçevir Dövlət Universitetində Xarici dillər kafedrasının müdiri kimi fəaliyyət göstərərək universitet mühitində elmi düşüncənin, akademik nizam-intizamın və keyfiyyətli təhsilin formalaşmasına mühüm töhfələr verdi…
Dilçilik elminin müxtəlif istiqamətlərində apardığı dərin araşdırmalar, xüsusilə ingilis dilinin Amerika variantında frazeoloji vahidlərin linqvokulturoloji təhlili sahəsindəki tədqiqatları onu seçilən alimlər sırasına yüksəltdi. Azərbaycan və ingilis dillərinin terminoloji və semantik sistemlərinə dair elmi işləri bu sahədə mühüm mənbə kimi dəyərləndirilir.
Cəmi 44 illik ömrə sığdırdığı elmi irs – onlarla dərs proqramı, monoqrafiya, dərs vəsaiti və beynəlxalq konfranslarda məruzələr, nəşr olunan elmi məqalələr onun necə böyük zəhmət, məsuliyyət və elmə sədaqət sahibi olduğunu bir daha təsdiq edir…
Unikal yaddaş, qeyri-adi istedad sahibi idi. Müəllimliyi də alimliyi kimi bənzərsiz idi. Yüksək insani keyfiyyətləri ilə seçilən, təvazökar, səmimi, prinsipial və əqidəsinə sadiq bir ziyalı idi…
Həmkarlarının hörmətini qazanan, tələbələrinin sevgisini qazanan nadir insanlardan idi…
Zəngin elmi kitabxanasını, yolunu, maarifçi əqidəsini, elmi araşdırmalarını, kitablarını yetirmələrinə mənəvi miras olaraq əmanət edib Haqq dünyasına qovuşdu əziz Mehdi müəllim…
Həyatın qızıl qaydası belədir: Tanrıdan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə qayıdacağımızdadı..
Mehdi müəllim bir gözəl üzlə döndü Tanrının qapısına… Başıuca, üzüağ, alnıaçıq…
Cismən aramızdan ayrılsa da, elmi yolu, yetişdirdiyi tələbələr, qoyduğu mənəvi və elmi irs onu əbədi yaşadacaq…
Mehdi müəllimin zamansız son mənzilə yolçuluğu MDU ailəsini dərindən sarsıtdı…
O, yalnız Mingəçevir Dövlət Universitetinin kafedra müdiri deyildi, universitetin elmi ruhunu daşıyan, sözün əsl mənasında ziyalı siması idi…
Mingəçevir Dövlət Universitetinin rektoru olaraq, dəyərli həmkarımızın itkisini dərin hüznlə qarşılayır, universitetin bütün pedaqoji kollektivi adından ailəsinə, doğmalarına və onu tanıyan hər kəsə səbr diləyirəm…
Cismən aramızda olmasa da, kitabları, monumental elmi tədqiqatları ilə Mehdi müəllim həmişə bizimlə olacaq! Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!…
Əziz həmkarımızın ruhuna dərin ehtiramla,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru





















