Ürəyimi NİŞAN al, Vətən və ya... İŞĞAL olunmuş ad günüm

OXUNUB: 647 KÖŞƏ

Heç vaxt qeyd edə bilmədiyim ad günümü təbrik edən dostlarım, müəllimlərim, jurnalist həmkarlarım, zabit yoldaşlarım, əsgərlərim, SƏNGƏR QARDAŞLARIM,sizlərə təşəkkürümü bildirib, Xocalıya SÖZLƏ bahəm SİLAHLA gedəcəyimiz günü arzulayıram. Torpaqlarımız, rayonlarımız, kəndlərimiz yerlə yeksan olunub, təqvimlərimiz və ad günlərimiz işğal olunub... Düşmənin bizə vurduğu ziyanın miqyası həddən çox!

 

Bunların xatirinə...

 

Şəhidlər...Onlar da "Qələbə” şüarının səslənməsini istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ olsun! Şəhidlərimizin incik ruhlarının xatirinə!..

 

Əlillər...Ayağını, qolunu itirmiş və xəyalında ayağni, qolunu itirdiyi yeri özünün qəbir yeri deyə sandığı, xəyallar aləmində ayağının və bir qolunun "qəbri”ni hər gün ziyarət edən Qarabağ əlilinin duyğularının xatirinə...

 

Qazilərin...Bəzən sağ qalmalarına sevinməyən, qolları arasında şəhid olmuş döyüş yoldaşlarının intiqamını almaq istəyində olan Qarabağ qazilərinin xatirinə...

 

Hər kəsin-balacadan böyüyə, bütün və bütöv Azərbaycanın naminə!!!

 

Bizim tamarzı olduğumuz bir gün var - QƏLƏBƏ GÜNÜ!

O günü yaxın etmək üçün... unutmaq olmaz: qələbə o halda olacaq ki, bütün Azərbaycan səngər olsun!

 

QƏLƏBƏ GÜNÜ nidası bizim - qisas borcu boynunda qalan, qələbə haqqına yiyə duracaq insanların o möhtəşəm günədək hər an yaşam Himni olmaıdır!

QƏLƏBƏ GÜNÜ o zaman olacaq ki, bütün və bütov Azərbaycan bu sözləri ürəkdən deyəcək: "Şanlı yurdum! Qisasını almaq üçün burdayam mən! Sənə gələn hər zərbəyə sinəsilə sipər çəkən bir əsgərəm”.

 

****

 

Gəlin öz tariximizdən yazaq – özümüzdən - sadəcə və sadəcə...

 

Yuxusuz gecələrin yorğun səhərlərində gah durbinin gözlüyündən, gah da səngərlərdən üzü düşmənə tərəf açılan müşahidə məntəqələrindən düşməni, onun hərəkətini, düşmən çəkməsi altında inləyən torpaqlarımızı izlədinizmi?

 

Bu səngərlərdən görünən 50 metrlik məsafəmizdə dayanan vətən torpaqlarına 20 ildən artıqdır gedib cıxa bilməməyimizin fəqrinə vardınızmı?

 

İnsan bağrını dələn gecələrin vahiməli qaranlığında səninlə üzbəüz dayanan və sənin torpağında at oynadan düşmənin beynini dağıdan qışqırıq səslərinə qarşıatəş açdınmı?

 

Başına yağış kimi yağan güllələrdən yayınmaq üçün, hətta gizləndiyin daşın, səngərin ətrafına səpələnən düşmən güllələrinin aramsız atəşi altında kurəyini bir daşa söykəyərək o daşın da VƏTƏN DAŞI olduğunu dərk etdinmi?

 

Vətən sevgisi naminə, millətin, şərəfin naminə, boynuna biçilmiş haqqın naminə hücuma kecməyin ayrı bir sevgisi var,ayrı bir ləzzəti var, CƏNABLAR!!!

 

O sevgi ki, burdan göndərməliyik SƏNGƏRƏ-paytaxtdan, əyalətlərdən, universitetlərdən, orta məktəblərdən...bir sözlə, hər yerdən!!!

 

Yoxsa o sevgini yarada və yaşada bilməsək, özümüzü bağışlaya bilməyəcəyik. Onda hər bir Azərbaycan vətəndaşının baxışından bir yalvarış səslənəcək və deyəcəyik:"Ürəyimi nişan al, Vətən!!!"Sənə verdiyim əzaba görə, səni göz bəbəyim kimi qoruya bilmədiyimə görə...Canımı sənə görə deyil, səni canıma qurban verdiyimə görə:"Ürəyimi nişan al, Vətən!!!"Güllələ məni,sonra da Xankəndində dalğalanmaq üçün bizdən küsən bayrağımızabüküb dəfn eləmə məni, Vətən!!!

 

Azərbaycanlıları üfüqdən-üfüqə aparan məğrur və möhtəşəm güclü Azərbaycan arzusuyla Aqil Alişov...Ad günü işğal olunmuş azərbaycanlı...

 

İcmal.Az

RƏYLƏR