Ruanda Respublikasının gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
"ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Həmçinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.
Qonaq "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
























