Rusiyada “Mübariz” döyüşçü – idman klubunun açıq qapı günü keçirilib

OXUNUB: 2938 İDMAN

Rusiyanın paytaxtı Moskvada "Mübariz” döyüş idman klubunda "açıq qapı” günü keçirilib. 

İdman tədbiri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilib.

Tədbirə Rusiya və Azərbaycanın ictimai-siyasi mühitində tanınmış şəxslər, nüfuzlu peşəkar idmançılar, idman həvəskarları qatılıblar.

 

"Mübariz” haqqında geniş məlumat verən klubun məşqçisi Teyfur Məmmədov qeyd edib ki, idman klubu ideyasının əsasında milli vətənpərvərlik hissləri dayansa da, hər bir rusiyalıya zalın qapıları açıqdır. 

Klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Fərrux Qənbərov "Mübariz”in qarşıya qoyduğu məqsədinin UFC kateqoriyalı yarışlara çıxacaq idmançıların hazırlanması olduğunu bildirib. Bu işdə o, Rusiya azərbaycanlılarının idmana dəstəyinin vacibliyini vurğulayıb. 

Beynəlxalq dərəcəli idman ustası Rasim Ağamirov klubun inkişafı üçün kömək edəcəyini deyib, öz böyük təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. 

Ümumdünya Kyokuşinkaykan Federasiyasının vitse-prezidenti, 8-ci dan qara kəmər ustası Əziz Əşrəfov Azərbaycanın şərəfli idman tarixi olduğunu ifadə edib. Onun fikrincə, milli amil əsasında birləşib idmanın inkişafına xidmət edəcək layihəyə ancaq alqış düşür. 

"Mübariz” klubuna maliyyə yardımı ilə fərqlənən iş adamı Xəzər Qarayev çıxışı zamanı digər həmvətənlilərini də milli layihələrdə fəal olmağa səsləyib.

Qeyd edək ki, "Mübariz” klubu Rusiyanın Moskva şəhəri və Tula oblastında fəaliyyət göstərir.

 

RƏYLƏR