Səbuhi Abbasov: "Bu mükafat Azərbaycanın artan diplomatik nüfuzunun və etibarlı tərəfdaş imicinin təzahürüdür"

OXUNUB: 6 Özəl SİYASƏT

"Prezident İlham Əliyevin Əbu Dabiyə rəsmi səfəri Azərbaycanın regional və qlobal siyasətdə artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilməlidir"

Bu sözləri saytımıza açıqlamasında internet-media ekspert, QHT sədri Səbuhi Abbasov deyib: "Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan görüş Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Tərəflər arasında aparılan dialoq post-münaqişə dövründə etimadın möhkəmləndirilməsi və kommunikasiya kanallarının açıq saxlanılması baxımından əhəmiyyətlidir.
Əbu Dabi platforması neytral və beynəlxalq etimad mühiti yaratdığı üçün danışıqların konstruktiv məcrada davam etməsinə imkan verir. Bu görüş Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini və regionda uzunmüddətli sabitliyin təmin olunmasında aparıcı rol oynamaq niyyətini bir daha nümayiş etdirir.
Səfər zamanı Prezident İlham Əliyevin beynəlxalq mükafata layiq görülməsi isə Azərbaycanın siyasi liderliyinin, müstəqil xarici siyasət kursunun və regional təhlükəsizliyə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat eyni zamanda Azərbaycanın artan diplomatik nüfuzunun və etibarlı tərəfdaş imicinin təzahürüdür.
Ümumilikdə, Əbu Dabi səfəri Azərbaycanın həm regional sülh proseslərində, həm də beynəlxalq siyasi dialoqda mövqelərinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır."

RƏYLƏR