“Şəhərdən Kəndə” layihəsi çərçivəsində 8 aqroturun təqdimatı keçirilib

OXUNUB: 204 Özəl İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində "Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilmiş 22 təsərrüfatın və bu təsərrüfatlara təşkil olunan 8 aqroturun satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə turizm subyektlərinə təqdimat keçirilib. 
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə turizm şirkətlərinin rəhbərləri, bələdçilər və otelçilər də daxil olmaqla ümumilikdə 90 nümayəndə iştirak edib.
Tədbir zamanı turizmin müxtəlif seqmentlərindən olan nümayəndələrə aqroturlar barədə ətraflı məlumat verilib, layihə çərçivəsində aqroturizm təsərrüfatlarında hazırlanan reklam video çarxları təqdim edilib.
Aqroturlar Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Kürdəmir, Lənkəran, Lerik, Astara əraziləri olmaqla ümumilikdə 15 rayonu əhatə edir. Turlarda təsərrüfatların potensialları və göstərdikləri xidmətlərlə yanaşı milli mətbəxləri, bələdçilik, regionların mədəni irsi də əksini tapıb.
Layihə çərçivəsində təsərrüfatlarda görülən işləri yüksək qiymətləndirən turizm şirkətlərinin nümayəndələri qarşıdan gələn turizm mövsümündə aqroturların satışında daha fəal iştirak edəcəklərini bildiriblər. 
Cari il ərzində layihə çərçivəsində dəstək göstəriləcək aqroturizm yönümlü təsərrüfatların və həmin ərazilərə təşkil ediləcək aqroturların sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
 





 

RƏYLƏR