"Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə keçirilən gənclərin hərtərəfli inkişafına dəstək olan "Səyyar Gənclər Xidməti”nin bağlanış mərasimi Xankəndidə uğurla başa çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən layihə, ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik anlayışlarının dərinləşdirilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin regionlarda innovativ təşəbbüslərin təşviqinə xidmət edib.
Layihə cari ilin avqust ayından etibarən 15 şəhər və 132 kəndi əhatə etməklə 5000-dən çox gənci bir araya gətirib. Xidmətin yekun mərhələsi olaraq Xankəndidə keçirilən bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rüstəm İsgəndərli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək "Səyyar Gənclər Xidməti”nin ölkə gənclərinin maarifləndirilməsinə, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və onların şəxsi inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi hissəsindən sonra "Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev rəsmi qonaqları və iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib. Ardınca açıq hava şəraitində gənclərin iştirakı ilə dövlət gənclər siyasəti, ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və könüllülük kimi mövzuları əhatə edən maarifləndirici sessiyalar və təlimlər keçirilib.
Bununla yanaşı, gənclərin yaradıcı potensialını üzə çıxarmaq məqsədilə interaktiv fəaliyyətlər — vörkşoplar, master-klasslar, intellektual yarışlar və viktorinalar təşkil olunub. Stolüstü oyunlar və komanda əsaslı əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına şərait yaradıb. Fəaliyyətlərdə fəallığı ilə fərqlənən iştirakçılar mükafatlandırılıb.
Xatırladaq ki, "Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.





























