Şirkətlər ABB-dən 2,5 milyard manatlıq depoziti geri çəkib

OXUNUB: 262 İQTİSADİYYAT
"Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

7News.Az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin III rübündə ABB-nin xalis mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% və ya 40,9 milyon manat artaraq 250 milyon 865,6 min manat təşkil edib. 

2023-cü ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6% artaraq 479 milyon 634 min manata, qeyri-faiz gəlirləri isə 23,5% artaraq 164 milyon 501 min manata yüksəlib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi (xalis) 27,6% artaraq 4 milyard 129,8 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 1 milyard 277,6 milyon manat(illik müqayisədə 31,3% çox), biznes kreditləri 2 milyard 87,4 milyon manat (illik müqayisədə 27,4% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 1 milyard 124 milyon manat (illik müqayisədə 22,2% çox) təşkil edib.

2023-cü ilin ilk 9 ayında bankın ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% və ya 2,4 milyard manat azalaraq 8 milyard 262,1 milyon manata enib. 

Eyni dövrdə fiziki şəxslərin depozitləri 8% və ya 152 milyon manat artaraq  2 milyard 59,1 milyon manata çatıb. Hüquqi şəxslərin depozitləri isə 29% və ya 2,5 milyard manat azalaraq 6 milyard 203,1 milyon manat təşkil edib. 

Bu il oktyabrın 1-nə ABB-nin cəmi aktivləri ilin əvvəlinə nisbətən 18,5% və 2,6 milyard manat azalaraq 11 milyard 434,7  milyon manata bərabər olub. Öhdəliklərinin həcmi isə 21,6% azalaraq 9 milyard 724,1 milyon manat təşkil edib. Bankın cəmi kapitalı isə ilin əvvəlinə nisbətən 4,8% artaraq 1 milyard 710,7 milyon manat təşkil edib.
 
 
 

RƏYLƏR