Siyasi partiyalar üçün 2025-ci il: kim nə qazandı, nə itirdi? - SORĞU

OXUNUB: 0 SİYASƏT
 Hazırda Azərbaycanda 26 partiya fəaliyyət göstərir. Zaman-zaman partiyaların fəaliyyətləri ciddi şəkildə müzakirə olunur. Müəyyən zamanlarda partiyaların fəaliyyətinə tənqidi yanaşmalar da özünü göstərir.

Bu il siyasi partiyaların özləri üçün necə yadda qaldığı, hansı yeniliklərin olduğu isə maraq doğurur.

Modern.az bununla əlaqədar olaraq, partiyalar arasında sorğu keçirib.


Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Müşfiq Cəfərov: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai-siyasi nüfuzuna görə onunla müqayisə edilə biləcək digər bir partiya yoxdur.

Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən açıq-aydın görünür və bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənir və ölkəmizi demokratiya yolu ilə inamla irəliyə aparır.

Yeni Azərbaycan Partiyası tərəfindən son illər respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Partiyanın rəhbəri İlham Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək müasir tariximizin yeni çalarlarını özündə birləşdirməyi bacarıb.

Əminliklə demək olar ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası siyasi proqramına uyğun olaraq qarşıdakı illərdə də uğurlu siyasi fəaliyyətini davam etdirəcək və ölkəmizin gələcək inkişafı naminə qarşıda duran bütün hədəflərə çatacaqdır”.


Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: "Ən böyük yeniliyimiz partiyanın mövcudluğunu qoruyub saxlaya bilməyimizdir. Dünya dəyişib, siyasət dəyişib, hakim partiya bütün mənalarda önə çıxıb və Prezident İlham Əliyev sayəsində çox güclənib. Bununla bərabər, insanların da siyasətə marağı çox azalıb. Ona görə də mövcudluğu saxlamaq və sağ qalmaq belə ciddi uğurdur”.


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: "Bu il partiyamızda dövlət səviyyəsində Qarabağla bağlı Ağ Evdə imzalanan Azərbaycanla Ermənistan arasında niyyət protokolunun imzalanması hadisəsi diqqət cəlb etdi və bu, bizim üçün vacib prioritet olan Azərbaycanın təhlükəsizliyi, gələcək böyük kommunikasiya xəttinin açılması istiqamətində ümidverici mühit yaratdı. Biz də partiya olaraq bu prosesi dəstəklədik. Hesab edirəm ki, bu, Azərbaycan xalqının ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir.

Digər tərəfdən, bu kimi məsələlərdə dövlət maraqları irəli çəkilir. Partiyamız da bu istiqamətdə öz işini gördü. Bu il ərzində partiyamızın təşkilatlanmasına ciddi diqqət yetirildi. Bir sıra tədbirlərin təşkilində iştirak etdik. Cari məsələlərdə vətəndaşları narahat edən mövzularla bağlı müzakirələrdə təkliflərimizi hökumətə təqdim etdik. Partiya təmsilçisi kimi parlamentdə fəal mövqe tutduq. Azərbaycan insanını, seçiciləri narahat edən problemləri vaxtaşırı gündəmə gətirdik və bir sıra problemlərin həllinə nail olduq. Bu, həm də partiya olaraq bizim uğurumuzdur. Digər məsələlərdə də ölkənin ictimai-siyasi həyatında Böyük Quruluş Partiyası aktiv rolunu davam etdirəcək”.


Azad Vətən Partiyasının sədri Akif Nağı: "Partiyamız digərlərinə nisbətən gəncdir.Normal şəkildə partiyanın formalaşması istiqamətində işlərimiz davam edib. Ölkədə gedən partiyalararsı siyasi dialoqda iştirak etmişik. Prezident Administrasiyasının partiyalar və qanunverici qurumlarla əlaqələr şöbəsinin apardığı bu işlər müsbət tendensiyadır. Ölkədə sağlam partiyalaşmalar gedir. Biz də o işdə iştirak edirik. Hesab edirəm ki, bu il həm partiyalararası dialoq, yaxınlaşma baxımından müsbət olub. Eyni zamanda bu il ölkə daxilində təmizləmə işi gedir. Biz də mövqeyimizlə bu prosesdə iştirak edirik. Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı baş verən hadisələr, onların Ramiz Mehdiyev və onun dəstəsi ilə əlaqələri dövlətçiliyə qarşı apardıqları fəaliyyətlə bağlı prosesə öz payımızı verməyə çalışmışıq. İşğaldan azad olunmuş ərazilərə partiyaların mart ayından başlayaraq səfərləri təşkil olunub. Biz də həmin prosesdə yaxından iştiak etmişik. Beynəlxalq partiyalararası konfransda iştirak etmişik. Özümüzün rayonlara təşkilatlanma, yerli şöbələrin fəaliyyəti ilə bağlı səfərlərimiz olub. Təşkilatlanma işlərinə daha çox diqqət ayırmışıq. Həm rayonlarımıza səfərlərimiz olub. Eyni zamanda Bakıda siyasi şuranın davamlı şəkildə iclasları keçirilir. Həmin iclaslarda ölkəmizin vəziyyəti, partiyamızın vəziyyəti müzakirə olunurdu. Təşkilatlanma, təbliğatla bağlı vəzifələr qoyulub. Bu qərarların yerinə yetirilməsinin  icrası yoxlanılıb. Üzvlərimizin sayını artırmağa çalışmışıq. Hazırda dəqiqləşdirmələr aparılır.  Mənə verilən məlumata görə, ən azından 200 nəfər partiyaya bu il yeni üzv qəbul olunub".


REAL Partiyasının sədri Natiq Cəfərli: "2025-ci ildə Azərbaycanda siyasi partiyaların çox da aktivlik göstərə bilmədiyi bir il oldu, çünki seçki ili deyildi. Siyasi partiyaların əsas işi seçkilər və seçkiöncəsi dövrdə olur. 2025-ci ildə daha çox struktur işləri, yeni üzvlərin cəlbi, vətəndaşlara publik çıxışlarla mövqelərimizi daha yaxından tanıtmaqla bağlı fəaliyyətimiz olub. Parlamentdə təmsil olunan partiyayıq. Həm millət vəkilimizə, həm də partiyamıza daxil olan şikayətlərlə bağlı il ərzində müxtəlif orqanlara sorğular göndərmiş, onlarla vətəndaşımızın problemlərini həll etməyə çalışmışıq”.


Azərbaycan Demokrat Partiyasının sədri ərdar Cəlaloğlu: "2025-ci il həm dünyada, həm Azərbaycanda, həm də elə bizim partiyada tənəzzül dövrü kimi dəyərləndirmək olar. Dünyada çoxlu münaqişələr meydana çıxdı. Ölkəmizin çox ciddi iqtisadi. sosial problemləri var. Eləcə də, partiyamızın özündə durğunluq var. Ona görə də mən 2025-ci ili çox ağır, nəticəsiz il kimi dəyərləndirirəm".


Ədalət Partiyasının sədri Mütəllim Rəhimli: "2025-ci il Ədalət Partiyası üçün ağır bir il olaraq partiyanın tarixində qalacaq. Partiyanın yaradıcısı və ilk sədri, ictimai, siyasi və dövlət xadimi İlyas İsmayılov fevralın 17-də dünyasını dəyişdi. Bu, bizim üçün çox böyük itki oldu.

Bundan sonra Ədalət Partiyası daxilində liderin yoxluğu açıq-aşkar hiss edilməyə başladı. Təəssüf ki, qruplaşmalara və Nizamnamə pozuntularına yol verməyə çalışan qrup meydana çıxdı. Lakin partiya üzvlərinin iradəsi ilə tez bir zamanda bu dağıdıcı prosesə son qoyuldu. Mayın 17-də Ədalət Partiyası özünün IX qurultayını keçirərək bütün problemləri kökündən həll etdi. Partiyaya yeni sədr seçildi və siyasi fəaliyyətini davam etdirməyə başladı. 2025-ci ilin birinci yarısı Ədalət Partiyası üçün ağır keçsə də, ikinci yarısı uğurlu oldu. Ədalət Partiyası ölkəmizin siyasi həyatında fəal iştirak edir, öz missiyasını yerinə yetirir”.


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: "2025-ci ildə Gələcək Azərbaycan Partiyasının sıraları genişləndi. Yeni partiya fəallarının və funksionerlərinin kəşfi ili oldu. Bu il Gələcək Azərbaycan Partiyasının sıralarına 1200 nəfər yeni üzv qəbul olundu. Ədliyyə Nazirliyində 5800 üzvlə qeydiyyatdan keçmişdik. Bu il isə üzv sayını 7000-ə çatdırdıq.

Partiyanın kadr bazası gücləndi, 5 il əvvəl başlayan sağlam iqtidar–müxalifət dialoqu möhkəmləndi. 2025-ci ildə bu dialoqun davamlılığı, ağızbüzənlər olmasına baxmayaraq, fundamental dövlət siyasətinin ana xəttinə çevrildi. Siyasi dialoqu pozmaq istəyənlər siyasət arenasından silinərək tarixin arxivinə getdi.

Gələcək Azərbaycan Partiyası seçkilərə hazırlaşır. İnanırıq ki, gələn il ölkəmizdə ciddi islahatlar olacaq, referendum keçiriləcək. Bu il həm də vətən xainləri ifşa olundu. Odur ki, bu il tək partiyalar üçün yox, dövlətimiz üçün də düşərli il oldu. Hər bir vətəndaşımıza, məsləkdaşımıza uğurlar arzulayırıq”.


İsa Qəmbərin sədri olduğu Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı: "Partiyamız 2025-ci ildə öz monolitliyini və siyasi xəttinə sadiqliyini qoruyub saxladı.
Partiyanın Gənclər Təşkilatı yenidən formalaşdı və daha səmərəli fəaliyyət göstərməyə başladı.
Partiya xarici siyasətini uğurla davam etdirdi. Azərbaycanda baş verən bütün hadisələrə operativ münasibət bildirdi. Siyasi məhbusların həbsdən azad olunması istiqamətində səylərini davam etdirdi”.


Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı:
"Siyasi partiyaların işi ölkənin ictimai-siyasi həyatında iştirak etməkdir. Biz – Ədalət, Hüquq, Demokratiya Partiyasının proqramında nəzərdə tutulan ideyaların təbliği ilə bu il məşğul olmuşuq. Dövlət və milli maraqları hər zaman qorumuşuq. Siyasi partiya kimi maarifləndirmə işlərini həyata keçirmişik. Seçkilər olduqda partiya seçkiyə qatılmalıdır. Biz hər zaman seçkilərə qatılmışıq. O baxımdan da nailiyyətlərin əldə olunması seçkilərlə bağlı ola bilər. 2025-ci ildə seçki keçirilməyib”.


Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev: "Azərbaycan Demokratik Maarifçilik Partiyası hər zaman olduğu kimi 2025-ci ildə də öz səmərəli fəaliyyəti ilə seçilməyə çalışıb və təbii ki, həmin fəaliyyəti milli, dövlətçilik maraqlarına uyğun qurub.

İlin əvvəlindən bu günə qədər:

2 beynəlxalq tədbirdə iştirak etmişik. Yanvar ayında reyestrə təqdim etdiyimiz üzvlər siyahısında say etibarilə 300 nəfər artım olub. 2 yeni rayon təşkilatımız (mart və iyul aylarında – Salyan və Masallıda) yaradılıb.
Partiya sədrinə yeni müavin və müşavir təyin edilib. Paytaxtda və bölgələrdə müxtəlif siyasi-ictimai mövzulara həsr edilən 20-yə yaxın tədbirimiz keçirilib. Milli mövzularla bağlı bütün birgə bəyanatlara imzamızı atmışıq.
Prezident Administrasiyasının müvafiq şöbəsinin təşkilatçılığı ilə reallaşan və Qarabağa edilən səfərlərdə Partiya olaraq iştirak etmişik”.


Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: "Yola saldığımız il partiyamız üçün uğurlu oldu. 2024-cü ildən parlamentdə təmsil olunduğumuzdan partiyamızın fəaliyyətinin bir hissəsi bu istiqamətə yönəldilib. Eyni zamanda bələdiyyə seçkilərində iştirak etmişik.

2025-ci il növbəti qurultay ili olduğu üçün mart-aprel aylarından başlayaraq qurultaya hazırlıq üzrə işlər görülüb, rayon təşkilatlarımızda hesabat-seçki konfransları keçirilib. Yeni dövrə uyğunlaşma ilə bağlı qərarlar qəbul edilib.

Fəaliyyətimizin daha da genişlənməsi, ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Yeni gənc nəslin partiyaya qəbul edilməsi, partiyamızın gənclik təşkilatının genişlənməsi prosesi baş verib. Bu da partiyamız üçün uğur hesab olunur. Partiyamızın parlamentdə təmsil olunması bu genişlənməyə təkan verib.

Eyni zamanda beynəlxalq əlaqələr kontekstində bir sıra təşkilatlarla əməkdaşlıq qurulub. May ayında Brüsseldə Beynəlxalq Demokrat İttifaqının növbəti qurultayında iştirak etmişik. Azərbaycan və regionumuzla bağlı bəyannamə qəbul edilib. Həmin bəyannamədə Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, referendum keçirilməsi, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması çağırışı yer alıb.

80-dən artıq ölkədən 100-dən çox sağ mərkəzyönümlü partiyanın üzv olduğu nüfuzlu təşkilat tərəfindən belə bir bəyannamənin verilməsi partiyamız adından uğur olduğu kimi, dövlətimiz adına da uğur hesab olunmalıdır.

İcraçı Toplantının gündəliyinə AMİP-in təqdim etdiyi qətnamə layihəsi də daxil edilib. Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun bacarıqsızlığı, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılması, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub.

BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçılarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hamısının lehinə səs verməsi ilə qəbul olunub”.


Ağ Partiyanın sədri Tural Abbaslı: "2025-ci il seçki ili olmadığı üçün xüsusi qeyri-adi hadisələrlə yadda qalmadı. Təbii ki, partiyalar hər gün, hər il, hər ay təşkilatlanma işlərini davam etdirirlər, yeni üzvlərin sayını artırmağa çalışırlar. Biz də bu işlərlə məşğul olmağa çalışmışıq.

Partiyamız Azərbaycanın aparıcı ictimai-siyasi institutu olaraq qalmaqdadır. Siyasi came üçün bu il həm də "Mehdiyev işi” ilə yadda qaldı. Partiyalar əsasən qurultay və seçki illəri ilə xatırlanır. Yəni, bu ili növbəti illərdən biri kimi qəbul etdik. Partiyanın həyatında önəmli hadisələrlə yadda qalmadı. Standart il oldu”.

 


İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasının sədr müavini Tamilla Qulami: "2025-ci il ölkəmiz üçün sıradan bir təqvim ili kimi yadda qalmasa da, şükürlər olsun ki, bu gün dövlət səviyyəsində ciddi itkilərimiz yoxdur, sərhədlərimizdə suverenliyimizi və müstəqilliyimizi əldə etdikdən sonra atəşkəsdir.

Azərbaycan Ümid Partiyası hər zaman dövlətin, xalqın, millətin yanında olub, dövlətin xarici siyasətini dəstəkləyib, üzərimizə gələn, bizi istəməyən bütün qüvvələrə qarşı dövlətimizlə bərabər addımlayıb, belə də davam edəcək.

Hər il olduğu kimi partiyamız öz fəaliyyətini yalnız təşkilati çərçivədə deyil, xalqın real daxili problemləri dinləyərək, onların həlli istiqamətində təkliflər verməyi özünün prioriteti hesab etdi.

7 fevral 2024-cü il Prezident seçkilərindən sonra Ümid Partiyası özünün Proqram partiyası olduğunu elan etdi.

Cəmiyyətə, dövlətə dəyişməsi, yeni idarəetməyə keçməsi üçün təkliflər verən bir partiya əlbəttə ki, özü də dəyişikliklər etməlidir. Belə ki, ötən il partiya daxilində strukturlaşma, gənclərin və qadınların daha aktiv iştirakının təmin olunması, qərarvermə mexanizmlərinin daha açıq və kollektiv xarakter alması istiqamətində mühüm addımlar atıldı. Biz vitrin siyasəti yeridən partiya yox, dövləti, xalqı üçün çalışan, onun problemlərinin həlli istiqamətində addımlar atan, təkliflər verən bir partiyayıq. Ötən il də daxil olmaqla, partiyamız Nizamnaməmizə uyğun olaraq, qarşıdurmaların əleyhinə olan siyasət yürütməyə davam etdi.

Biz düşünürük ki, cəmiyyətə gərginlik deyil, doğru istiqamətlənmə, mariflənmə lazımdır. Məhz buna görə siyasi ritorikamızda davamlı olaraq, emosional ittihamları deyil, arqumentləri və təklifləri önə çəkdik.

Bir proqram Partiyası olaraq, fəaliyyətimizi bir neçə əsas istiqamət üzərində cəmlədik. Bu istiqamətlər əlbəttə ki, təhsil, səhiyyə, sosial ədalət və gənclərin gələcək perspektivi üzərindən quruldu. Biz bu mövzuları kampaniya aləti kimi deyil, uzunmüddətli siyasi xətt kimi cəmiyyətimizin rifahı üçün təqdim etdik, etməyə də davam edirik.

Hər həftə ərzində partiya yetkililərimiz – partiya sədri və İdarə Heyətinin üzvləri də daxil olmaqla, ölkənin tanınmış yerüstü və internet televiziyaları ilə milyonlarla tamaşaçı qarşısına çıxıblar.

Bu gün Ümid Partiyası Azərbaycanın tanınmış, strukturlaşmış bir partiyası olaraq, hər il olduğu kimi 2025-ci il də partiya sıralarına yeni üzvlər qəbul edir, müvafiq orqanları vasitəsilə cəmiyyətin problemlərinin həlli istiqamətində addımlar atır, təkliflər verir.

Biz Konstitusiya dəyişikliyi təklif edən, proporsional seçki sisteminin bərpasını təklif edən partiyayıq. Beləliklə, partiya olaraq hesab edirik ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.

44 günlük Vətən müharibəsində Azərbaycan əldə etdiyi qələbədən sonra dünyanın hesablaşdığı dövlətlərdən biri kimi Orta Dəhliz layihəsində mühüm rol oynayan, xarici siyasətində effektivlik əldə edən bir ölkə müstəvisinə qalxdı.

Ümid Partiyası olaraq, hesab edirik ki, xarici siyasətimizdə əldə etdiyimiz uğurlar kimi mütləq şəkildə bu siyasət ölkəmizin daxilinə də sirayət etməlidir. Ötən il də partiyamızın məhz bu istiqamətdə apardığı siyasətlə yadda qaldı deyə düşünürəm. Ölkəmizə barış, sülh, rifah arzulayırıq və bu istiqamətdə müsbət nəticələr üçün bir partiya olaraq, əlimizdən gələni də etməyə davam edəcəyik...

Qarşıdan gələn Həmrəylik günü və Yeni İlin xalqımıza, dövlətimizə xeyirli, uğurlu, düşərli olmasını diləyirik!”.


Sabiq deputat Sabiq Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli: "VHP bu ilin yanvar ayında yeni qərargaha köçüb. Partiya yeni ilə təzə ofisdə fəaliyyətə başlayıb. Mərkəzi Qərargahın yeni ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185B ünvanında yerləşir. Beləliklə, VHP 2025-ci ilə yeni ünvanda fəaliyyətə başlayıb və təşkilati işlərini artıq bu məkandan davam etdirir.
2025-ci il Vətəndaş Həmrəyliyi Partiyası (VHP) üçün həm təşkilati, həm də siyasi baxımdan da fəallıq ili kimi yadda qaldı. İlin əvvəlindən etibarən partiyanın fəaliyyəti ölkənin ictimai-siyasi gündəmi ilə sıx bağlı şəkildə davam etdirildi.

İlin ilk ayları ölkə üzrə keçirilən bələdiyyə seçkiləri ilə əlamətdar oldu. Partiyanın təbliğat-təşviqat kampaniyası bu prosesdə xüsusilə diqqət çəkdi. Partiya nümayəndələri kəndlərə, qəsəbələrə, məhəllələrə gedərək seçicilərlə birbaşa görüşlər keçirdilər. Bu görüşlər sadəcə seçki kampaniyası deyil, eyni zamanda cəmiyyətin real problemlərinin öyrənilməsi baxımından mühüm platformaya çevrildi.

Bələdiyyə seçkilərinin əsas üstünlüklərindən biri də məhz yerli səviyyədə canlı ünsiyyət imkanlarıdır. Seçicilərlə üz-üzə dialoq zamanı Azərbaycan insanının nələr istədiyi, ölkəni necə görmək arzusunda olduğu yerindəcə öyrənildi. Seçkilərin nəticələrinə əsasən, partiyadan 12 nəfər üzv müxtəlif bələdiyyələrdə təmsilçilik hüququ qazandı ki, bu da partiyanın yerli idarəetmədə mövqelərinin möhkəmləndiyini göstərir.

Yanvar ayında isə yeni "Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edilmiş üzvlük reyestri yeniləndi. Reyestrə 500-dən artıq yeni üzvün daxil edilməsi partiyaya ictimai marağın artdığını və struktur baxımından genişlənməni təsdiqləyir.

Mart-may ayları ərzində isə respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatlarının konfransları keçirildi. Bu konfranslar çərçivəsində görülən işlərə hesabat verildi, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Regionlarda aparılan bu işlər partiyanın mərkəzlə bölgələr arasında əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdi.

May ayında partiya üzvlərinin iştirakı ilə geniş tərkibli konfrans keçirildi. Konfransda təşkilati məsələlərlə yanaşı, ölkənin ictimai-siyasi vəziyyəti, partiyanın mövqeyi və perspektiv hədəfləri müzakirə olundu.

Sentyabr ayında isə partiyanın növbəti qurultay səviyyəli konfransı baş tutdu. Konfransda Ali Məclisin tərkibində dəyişikliklər edildi, ilin sonunda isə Ali Məclisin növbəti iclası keçirildi və Ali Məclisə yeni sədr seçildi. Bu dəyişikliklər partiyanın yenilənmə və daxili demokratik mexanizmlərinin işlək olduğunu göstərir.

Partiya sədri Sabir Rüstəmxanlı il ərzində Avropa, Türkiyə və Orta Asiya ölkələrində keçirilən bir sıra beynəlxalq konfranslarda iştirak edərək, partiyanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıb. Bu səfərlər VHP-nin beynəlxalq siyasi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, partiya ölkənin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif bəyanatlar və müraciətlər qəbul edib, aktual mövzular ətrafında elmi, siyasi və tarixi konfranslar, dəyirmi masalar və digər ictimai tədbirlər təşkil edib. Bu tədbirlər cəmiyyətdə sağlam siyasi müzakirə mühitinin formalaşmasına töhfə vermək məqsədi daşıyır.

Beləliklə, 2025-ci il VHP üçün həm struktur baxımından möhkəmlənmə, həm də siyasi fəallığın artması ilə yadda qalan bir il oldu”.


Adəm İsmayıl Bakuvinin sədri olduğu Vəhdət Partiyasının mətbuat xidməti: "2025-ci il Vəhdət Partiyası üçün yeniliklərlə zəngin və məhsuldar fəaliyyət dövrü kimi yadda qalıb. Yola saldığımız ildə partiyanın növbədənkənar VI qurultayı keçirilib və qurultayın qərarına əsasən Adəm İsmayıl Bakuvi partiyanın yeni sədri seçildi. Bu il eyni zamanda Vəhdət Partiyasının yenilənmiş strateji hədəfləri ictimaiyyətə təqdim edilib. Görülən işlər nəticəsində partiya üzvlərinin sayında 6 minə yaxın artım olub.

Yeniləşən Vəhdət Partiyasının nəzdində Alimlər Klubu; Qadınlar təşkilatı; Qazilərlə iş şöbəsi; Gənc idmançılar klubu; Gənclər təşkilatı yaradılıb və fəaliyyətə başlayıb.

Vəhdət Partiyasının prioritet istiqamətlərindən biri gənclərlə işin gücləndirilməsindən ibarət olub. Bu yaxınlarda Vəhdət Partiyasının nəzdindəki Gənc idmançılar klubunun üzvləri beynəlxalq yarışmalardan yüksək nailiyyətlərlə geri dönüblər və ölkəmizin adı ilə yanaşı, Vəhdət Partiyasını da layiqincə təmsil ediblər.

Partiyada rəhbər vəzifələrdə qadınların sayı artırılıb. Əvvəllər yalnız bir rayon təşkilatının sədri qadın idi. Hazırda Vəhdət Partiyasının 7 rayon təşkilatının sədri qadındır.

Avqust ayında Azərbaycan Əlifbası və Dili günü münasibətilə dilçi alim və ekspertlərin iştirakı ilə geniş diskussiya təşkil olunub. Zəfər günü ilə bağlı Vəhdət Partiyasının rəhbərliyi müharibə veteranları və şəhid ailələri ilə silsilə görüşlər keçirib, 100-dən çox ailəyə sovqatlar təqdim olunub. Sonda Zəfər Bayramı münasibətilə ideoloji konfrans keçirilib. Zəfər bayramı münasibətilə Qan bankının doldurulması məqsədilə bütün ölkəni, hər bir rayonu əhatə edən geniş qanvermə aksiyası təşkil olunub. Konstitusiya və Suverenlik İli çərçivəsində ölkə boyunca silsilə maarifləndirici tədbirlər keçirilib. Son olaraq tanınmış ictimai-siyasi xadimlərin iştirakı simpozium keçirilib.

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Əlillər evi ziyarət edilib, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyəti ilə əlaqələr qurulub, autizm mərkəzi ziyarət edilib. Beynəlxalq Könüllülük Günü münasibətilə partiya sədrinin gənclərlə görüşü keçirilib. Ölkənin aparıcı QHT üzvləri ilə görüşlər təşkil edilib. Partiyanın daxilində futbol yarışı keçirilib. Xarici ölkələrin siyasi partiyaları ilə birgə konfrans keçirilib. Artıq həmin qurumlarla əməkdaşlığa başlanılır. Regionlarda tam struktur dəyişiklikləri həyata keçirilib, qurumların fəaliyyəti müasir dövrə uyğunlaşdırılıb. Mətbuatla sıx əlaqəli işə başlanılıb, partiya haqqında məlumatlar açıq istifadəyə verilib.

Bu il Azərbaycanda bir ilk təşəbbüs də məhz Vəhdət Partiyasında gəlib: partiya sədrinin birinci müavini funksiyasını Süni İntellekt əsaslı qadın model yerinə yetirir.

Hazırda partiyanın yeni media resursunun açılışına hazırlıq gedir. İlin sonunadək bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır: şahmat turnirinin keçirilməsi, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycanın aparıcı KİV-ləri və ictimai xadimlərinin iştirakı ilə geniş tərkibdə tədbir keçirilməsi, Partiyanın vizual kimliyinin yenilənməsi, rebrendinq həyata keçirilməsi nəzərdə tutulub. Sosial həmrəylik mesajı ilə ictimai gündəmdə olan Vəhdət Partiyası qarşıdakı dövrdə də cəmiyyətin rifahına, milli həmrəyliyə və innovativ siyasi idarəetməyə xidmət edən layihələrini davam etdirəcək.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "2025-ci il partiyamız üçün ən yaddaqalan iş o olub ki, partiya sıralarımız genişlənib. Partiyaya ziyalıların axını güclənib. Qadınlar təşkilatı çox güclüdür. Gənclər təşkilatını çox gücləndirmişik. Partiyamız hakimiyyətə gəlmək istəyib və istəyir. Xalqımızın bizə inamı böyükdür. 2026-cı ildə də daha güclü siyasi mövqeyimizi ortaya qoyub, siyasi məsələlərin həllində iştirak edəcəyik”.

Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadiqov: "Xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il munasibətilə təbrik edirəm.

2025-ci il ümumiyyətlə Azərbaycanda ciddi həbslər və hadisələrlə muşahidə olundu. Partiyamiz ənənəvi olaraq təşkilat işlərilə məşğul oldu. Yadda qalan uzun illər partiyaya rəhbərlik etmiş Pənah bəyin sədrlikdən getməsi oldu.

Arzu edərdim ki, 2026-cı il xalqımız və partiyadaşlarımız ücün daha uğurlu il olsun!”.


Yeni Zaman Partiyasının sədri Musa Ağayev: "Partiyaların əsas fəaliyyəti, fəallığı təəssüflər olsun ki, seçkidən-seçkiyə hiss olunur. Amma bu, kökündən yanlışdır. Çünki partiyalar canlı orqanizmlərdir və ilboyu fəaliyyət göstərir. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Amma biz də işimizi davam etdiririk.

Bu il əsas fəaliyyət istiqamətimiz partiya sıralarının genişləndirilməsi, partiya quruculuğu istiqamətində addımların atılması olub. Gəncəbasar, cənub bölgələri, Qarabağ və əlbəttə ki, Bakıda yerli təşkilatlarla görüşlərim olub. 2025-ci il ərzində 1600-dən bir qədər çox insan partiyaya üzv olub. Hesab edirəm ki, bu, pis göstərici deyil”.

Qeyd edək ki, Ana Vətən Partiyasının 2025-ci ildəki fəaliyyəti ilə bağlı məlumat əldə edə bilmədik. Belə ki, hazırda partiya daxilində ikitirəlik yaranıb. Oktyabrın 25-də baş tutan növbədənkənar qurultayda uzun illər partiyaya rəhbərlik etmiş Fəzail Ağamalı qızı Günay Ağamalının xeyrinə sədrlikdən getsə də, partiya strukturunun təmsilçisi olan oğlu Elçin Ağamalı da sədr olmaq ambisiyalarını ortaya qoyub. Fəzail Ağamalı partiyanın rəhbərliyini qızına vermək istədiyini açıqlasa da, partiya üzvləri arasında Elçin Ağamalının namizədliyini dəstəkləyənlər də olub.
 

RƏYLƏR