“SOCAR-ın prezidenti olmaq istəyirəm” - MÜSAHİBƏ

OXUNUB: 0 İQTİSADİYYAT
Almaniya yalnız inkişaf etmiş sənayesi və iqtisadiyyatı ilə deyil, həm də müxtəlif mədəniyyətlərdən olan insanların uğur hekayələri ilə tanınır. Həmin uğur hekayələrindən biri də Almaniyada yaşayan həmyerlimiz Maşdı Əliyevə aiddir. O, iş həyatı, qarşılaşdığı çətinliklər və qazandığı təcrübələrlə yanaşı, gənclərə və xaricdə karyera qurmaq istəyənlərə faydalı tövsiyələrini bizimlə bölüşüb.

"Teleqraf” İnformasiya Agentliyi Almaniyada enerji sahəsində işləyən azərbaycanlı gənc Maşdı Əliyevlə müsahibəni təqdim edir.

- Müsahibəyə sizi tanımaqla başlayaq: Maşdı Əliyev kimdir?

- İmişli rayonu Çahar kəndində anadan olmuşam və ibtidai təhsilimi kəndimizdə, orta təhsili Bakıda, bakalavrı isə ADA Universitetində almışam. Həmçinin, İstanbulda Koç Universitetində 1 semestr erasmus təqaüdü ilə təhsil almışam. Hazırda Almaniyada, Düsseldorf şəhərində yaşayıram və 5 ildən çoxdur ki, bu ölkənin dövlət enerji şirkətində çalışıram. Cari vəzifəm enerji ticarəti, məsuliyyətim Almaniya və Avropanın təbii qazla təmini, əsas da qazın Asiya bazarında ticarətdir.

- Almaniyaya nə vaxt və necə köçmüsünüz?

- Magistratura təhsili almaq üçün 2018-ci ildə Köln şəhərinə köçmüşəm və burada maliyyə üzrə təhsil aldım. Elə o vaxtdan Almaniyadayam.

- İlk vaxtlarda ən çox çətinlik çəkdiyiniz məqamlar nələr idi? Ümumiyyətlə, orada sosial yaşam necədir? Kirayə, qanunlar, iş imkanları və s.

- İlk vaxtlar dostlarımdan ötrü çox darıxırdım. Çünki onlar komfort zonam idi. Lakin gec-tez reallığı qəbul etmək, yeni mühitə, insanlara alışmaq və komfort zonadan kənara çıxmaq lazımdır. Bu inkişafın təməl prinsipidir. Sosial yaşam deyərdim ki, rahatdır. Qazanc yaxşı, iş saatları normaldır. Bu da əlavə məşğuliyyət və maraqlara vaxt, maliyyə ayırmağa imkan yaradır. Sörfinq, fotoqrafiya, səyahət, aşpazlıq və s. kimi maraqlarım var və bunların maddi tərəfini düşünməmək çox gözəldir.


- İki ölkənin təhsil sistemində hansı əsas fərqləri müşahidə etmisiniz? Bu baxımdan gənclərə təcrübələriniz də maraqlıdır...

- ADA Universitetində əlaçı olmuşam, ortalamam 94% ətrafında idi. Lakin müqayisədə Almaniyada ilk imtahanlarda çətinlik çəkirdim. ADA-da imtahanlarda düşünməyə 15, yazmağa 60 dəqiqə verirdilər. Almaniyada isə 60 dəqiqə verirlər, sadəcə, bilirsənsə, yaz, bilmirsənsə, özündən "muğayat ol”.

Məsləhətim odur ki, qorxmasınlar, çətinliklərlə üzləşəcəklər, maddi, mənəvi və psixoloji problemlər təbii ki, ola bilər. Amma bu çətinliklərlə mübarizə onların tam potensialını üzə çıxaracaq.

- Belə bir streotip var ki, almanlar "soyuq millət”dir. Siz necə düşünürsünüz?

- Soyuq münasibət göstərəni də tanımışam, eyni zamanda, mənzilimlə bağlı problem yaşayanda məni evinə dəvət edəni də. Soyuqluq nisbi anlayışdır, düzü, mən də ümumən soyuq təbiətliyəm, amma yaxın olduğum insanlarla bir yerdə olanda tamam ayrı insan oluram.

- Almaniyada yaşayan həmyerlilərimizlə münasibətiniz necədir?

- Bir cəmiyyət yaratmışıq. Adı "Qürbətdəki Doğmalar”dır. 600-dən çox üzvümüz var. Bu cəmiyyət daxilində fərqli alt qruplar var: səyahət, netvorkinq, yardımlaşma və s. Hədəfimiz Almaniyada yaşayan azərbaycanlılarla birgə vaxt keçirmək, sosiallaşmaq və bir-birimizə dəstək olmaqdır. Münasibətimiz isə əladır.

- Dostluq, ailə dəyərləri və qonaqpərvərlik baxımından iki xalqı necə müqayisə edirsiniz?

- Təbii ki, biz o baxımdan hətta burada da daha üstünük. Bəli, qonaq olmuşam. Bizdə qonaq daha çox ağırlanır, əl üstündə tutulur. Ən hiss olunan məqam isə mətbəxdir, alman mətbəxi çox kasıbdır. Onların təqdim etdiyi yeməyi bizdə yeməkdən əvvəl elə-belə məzə kimi təqdim edilir...

- Sosial şəbəkədə daha çox milli yeməklərin hazırlanması videoları ilə tanınırsınız. Yemək hazırlamağı necə öyrənmisiniz? Almanlar da milli yeməklərimizi sevirlərmi?

- Adımın dolma, ləvəngi ilə çıxmasını mən də istəməzdim, lakin təəssüf ki, nəyə görəsə məhz o videolar sosial mediada 500 min, 1 milyon arası izlənilir. Yemək bişirmək mənim sevgi dilimdir. Əziz hesab etdiyim insanlara sevgimi belə ifadə edirəm, onlara sevdikləri şeyləri bişirirəm. Yataqxanada qalanda yaxın dostlarıma adətən hər həftə nəsə edirdim, onda boş vaxt çox idi, əsas da koronavirus pandemiyası dövründə. Almanlar bizim mətbəxi əlbəttə, sevir, məndən hər Novruz bayramı ərəfəsi şəkərbura, paxlava tələb edirlər.

- Almaniyaya köçmək istəyən azərbaycanlılar nələri bilməlidir? Bir soydaşımız hansı çətinliklərlə qarşılaşa bilər?
- Belə bir yanlış fikir var ki, sanki burada dövlət sizə pul paylayır. Ev tapmaqda, iş tapmaqda, çevrə qurmaqda təbii ki, özünəməxsus çətinliklər olacaq. Bir şeyə zəmanət verə bilərəm ki, əgər ortada zəhmət, əmək olacaqsa, nəticə də olacaq.

- Özünüzü gələcəkdə daha çox harada görürsünüz – Azərbaycanda, yoxsa Almaniyada?

- Azərbaycanda. SOCAR-ın prezidenti olaraq, məncə, enerji sahəsində daha proaktiv addımlar atmaq olar. Düzü, Almaniyada enerji sahəsində işə başlayanda bunu hədəfləyərək başladım. O gündən bəri çox şey öyrənmişəm, hələ öyrənəcək çox bilik, qazanacaq çox təcrübələr var – faydalı olmaq üçün ən azından məsuliyyət daşıyıram.

RƏYLƏR