Koronavirus pandemiyası zamanı bütün dünyada insanlara evdə qalmaq, evdən yalnız zərurət yarandıqda çıxmaq, yoluxmanın qarşısını almaq üçün sosial məsafəyə riayət etmək tövsiyə olunur. Ancaq vəhşi təbiətə baxsaq, görərik ki, bir çox heyvan növləri üçün bu davranış yeni bir şey deyil.
"Qafqazinfo” "Aif.ru"ya istinadən onları sizə təqdim edir:

Dəniz tısbağaları. Yalnız cütləşmə üçün qısa müddətli bir araya gəlməyə üstünlük verirlər. Yumurtaları qoyduqdan sonra dişi tısbağa okeana qayıdır və artıq balalarının qayğısına qalmır.

Mavi balinalar. Bu böyük məməlilərin həyat tərzi, demək olar ki, eynidır. Onlar əsasən tək, nadir hallarda kiçik qruplarda qalırlar, hətta qruplarda da ayrı-ayrılıqda üzürlər.

Qar bəbirləri. Bu yırtıcıları adətən yalnız cütləşmə mövsümündə və ya ananın balalarına qayğı göstərdiyi zaman birlikdə görmək olar.

Yaquarlar. Onlar da qar bəbirləri kimi cütləşmə mövsümünədək əsasən tək yaşayırlar.

Qütb ayıları. Cütləşmə üçün tərəf-müqabili axtarışından başqa, böyük qütb ayıları, bir qayda olaraq, antisosialdırlar.

Oranqutanlar. Tək yaşayırlar, yalnız balalar anaları ilə qalır. Dişi oranqutanlar bir-biri ilə mütəmadi görüşlərə sakit yanaşırlar və hətta birlikdə qidalanırlar. Erkəklər isə hərəsi öz ərazisində qalır və özgələri sevmirlər.

Böyük pandalar. Bir qayda olaraq, tək yaşayan və dinc heyvanlardır. Gündə 14 saata qədər əsasən bambuk yeyə bilərlər. Böyük pandalarda qoxu hissi inkişaf edib ki, bu da onlara cütləşmə mövsümündə tərəf-müqabili tapmaqda və ya əksinə, başqa biri ilə görüşdən qaçmağa kömək edir.

Ördəkburunlar. Günlərini xərçəngkimilər və çayların, göllərin və axınların dibindəki bitkilərlə qidalanaraq və ya öz yuvalarında istirahət edərək keçirirlər. Baxmayaraq ki, zaman-zaman onlar bir-biri ilə bir su mənbəsini bölürlər, ördəkburunlar tək yaşamağa üstünlük verirlər. Yalnız nəsilartırma dövründə bir araya gəlirlər, daimi bərabər qalmırlar.

























