Süni intellekt artıq “gələcəyin texnologiyası” yox - bugünün reallığına çevrilib

OXUNUB: 426 Özəl

"The Economist”də dərc olunmuş "At home and at school, AI is transforming childhood” məqaləsində bu haqda qeyd edilir:

"Uşaqlar süni intellektin həm öncülləri, həm də sınaq obyektləridir. Araşdırmalar göstərir ki, amerikalı yeniyetmələr həm evdə, həm də məktəbdə valideynlərindən daha çox süni intellektdən istifadə edirlər. Sİ tədrisi fərdiləşdirir, müəllimlərin işini azaldır, dərs materiallarını daha maraqlı edir. Uşaqlar da bu səbəbdən müəllimləri və valideynləri yox, süni intellekti çox sevir”. 

Dünyada valideynlərin əksəriyyəti süni intellektin uşaqların tənqidi düşüncəsinə və inkişafına zərər verdiyini düşünür. Bəzi şagirdlər hətta tam tapşırığı süni intellektə həvalə etdiyini etiraf edir.

Süni intellekt dünyada valideyn-övlad münasibətlərinə də kökündən zərbə vurub.
Sİ-nin sayəsində artıq uşaqlar özlərini ana və atalarından asılı hiss etmirlər, onlar istədiyi məlumatı, məsləhəti chatgpt, alisa, gemini-dən ala bilirlər. Həm də bu alətlər uşaqları danlamır, ən səhv addımına görə belə onlara haqq qazandırmağa çalışır. Uşaqlar artıq valideynlərinə yox, süni intellektə bənzəməyə çalışırlar. 

Elə məhz bu səbəb uşaqları real həyatdan daha da uzaqlaşdırır, bəziləri hətta şəxsi mövzuları real insanlardan çox süni intelleklə bölüşürlər.

Ən ciddi problem isə süni intellekt tərəfindən verilən həllərin uşaqların öz yaradıcılığını və fərdi inkişafını məhdudlaşdırmasıdır. Yəni, uşaqlar tamamilə texnologiyanın əsrinə çevrilir, onları süni intellekt idarə edir. 

2020-ci ildən sonra doğulan uşaqlara dünyada "Alfa” nəsli deyilir. Onlar texnologiya ilə doğulub, onunla böyüyən və gələcəkdə həyatın demək olar ki, bütün sahələrində Sİ və rəqəmsal sistemlərlə iç-içə olacağı gözlənilən nəsildir.

"Zed” nəsli sosial media ilə böyüyən gənclər idi, onlar real heyatdan qismən uzaqlaşmışdı, alfa nəsli isə süni intellektlə böyüyən nəsil olacaq və real həyatdan tamamilə uzaqlaşacaq. Bu isə faciəli nəticələrə gətirib çıxara bilir.

Dünyada bir çox hökumətlər uşaqlar üçün süni intellekt məhdudiyyətləri hazırlayır. Süni intellekti sayəsində insan ilk dəfə olaraq ağıllı və çevik bir şey yaradıb, indi də onun əsirinə çevrilməmək üçün addımlar atmağa borcludur.

Hacıbəy Heydərli
Ekspert

RƏYLƏR