Suriyada yeni dünya müharibəsinin “ayaq səsləri eşidilir” – ŞƏRH

OXUNUB: 725 DÜNYA

Kimyəvi silah hücumu, rus qırıcıları, yaxınlaşan ABŞ esminesləri...

Bu hadisələrin dünyanın "ən qaynar nöqtəsi” olan Suriyada baş verməsindən əlavə, onlar yaxınlaşan Üçüncü Dünya Müharibəsinin bütün işarələrini özündə əks etdirir.

Bir il bundan əvvəl Suriyanın Deyr-əz-Zor kəndinə edilən kimyəvi silah hücumu nəticəsində 100-ə yaxın insan həlak olmuşdu. Cavab olaraq, ABŞ hərbçiləri Əş-Şəyrət hava bazasını "Tomahawk” qanadlı raketləri ilə məhv edib.

Hətta belə reaksiya Suriya prezidenti Bəşər Əsədin dinc əhaliyə qarşı qadağan edilmiş silahın tətbiq edilməsi haqqında mövqeyini dəyişmədi.

Keçən şənbə Əsədin nəzarəti altında olmayan Dəməşqətrafı şəhərdən oksigen maskası geyinmiş ağlayan suriyalı uşaqların şəkilləri  bütün dünyaya yayıldı.

Suriyadakı kimyəvi silah hücumu xəbərinin ardınca, rəsmi Moskva bəyanat verdi ki, hadisə yerini RF-nin hərbi mütəxəssisləri ziyarət ediblər, lakin heç nə aşkar etməyiblər.

ABŞ-da Suriyaya zərbə endirilməsi üçün hazırlıq başlanıb. Rusiya ABŞ hökumətinə Suriyaya zərbələrin ciddi nəticələri haqqında rəsmi xəbərdarlıq edib.

Buna baxmayaraq, 60 "Tomahawk” qanadlı raketlə təchiz olunmuş amerikalı esmines "Donald Cook” Suriyanın Tartus şəhərinin 100 km yaxınlığındadır.

Türk KİV-nin məlumatına görə, rus təyyarələri ABŞ esminesinin üstündən dörd dəfə uçublar.

Gərginlik artır...

İcmal.Az xəbər verir ki, hərbi ekspert Konstantin Maşovets əmindir ki, Suriya sahillərinə çatmış "USS Donald Cook” esminesinin Əsəd ordusunun hərbi obyektlərinə ciddi zərbə vurmaq üçün kifayət qədər silahı var.

Ekspert ABŞ hərbi gəmisinin texniki xarakteristikası haqqında da danışıb.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas silahı idarə edilən raketlər olan dördüncü nəsil eskadra minonosu – bu ABŞ-ın ən kütləvi 5000 tonluq müharibədən sonrakı gəmisidir - 1988-ci ildən indiyədək 62 ədəd hazırlanıb, daha 13 ədəd planlaşdırılır.

"Kuka”nın əsas silahı "Tomahawk” qanadlı raketləridir, onlar 2500 km uçaraq, özündə nüvə ehtiyatını daşımaq qabiliyyətinə malikdir.

Esmines adi və zərbəli variantlarda 56 və ya 96 belə raketlərlə bilavasitə təchiz olunur.

Azərbaycanlı politoloq Tofiq Abbasov İcmal.Az-a bu mövzunu şərh edərkən qeyd edib ki, məsuliyyətli an gəlib çatır, çünki qlobal təhlükəsizliyin taleyi bir göz qırpımında məhv ola bilər.

"Bunun səbəbi ABŞ-ın və bütün Qərb blokunun məsuliyyətsiz hərəkət etməsidir, onlar sülhü pozurlar və bununla da suveren dövlətlərin taleyinin həll edilməsi üzrə hüququn onlarda olmasının altından xətt çəkirlər.

Donald Trampın hərəkəti haqqında, ümumiyyətlə, danışmağa dəyməz. Qadağan edilmiş həmlələrlə amerikalılar dünyanı bəşəri fəlakətə sürükləyirlər. Bununla razılaşmaq olmaz.

Artıq formalaşmış dövlətlərin məhv edilməsi, dünyanın siyasi xəritəsini dəyişməyə can atmaq gələcəkdə baş verəcək məhvedici hərəkətlərə yol açır”, - Abbasov deyib.

"Təsadüfi deyil ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Gerasimov Qərbə və xüsusən də, ABŞ-a xəbərdarlıq edib ki, silahlı təxribat vəziyyəti yaransa, təxirəsalınmaz cavab veriləcək”, - politoloq bildirib.

O əmindir ki, amerikalılar bütün doğrular və yalanlarla Bəşər Əsədi məhv etmək istəyirlər və bunun üçün açıq və utancverici təxribatlara yol verirlər, bu fakt göstərir ki, Vaşinqton nə dərəcədə həddini aşıb.

"Bu, yolverilməzdir. Əgər Dəməşqə və Suriyanın strateji obyektlərinə zərbə vurmaq planı qəbul edilərsə, onda o, mütləq Rusiya və BMT-nin Təhlükəsizlik Şurasının digər üzvləri ilə razılaşdırılmalıdır.

Ola bilsin ki, xüsusi kanal vasitəsilə bütün marağı olan tərəflər suveren ölkələrə hazırlanan hücum haqqında xəbərdar olunublar.

Bu, o deməkdir ki, ABŞ-ın və onun tərəfdaşlarının vəhşiliyi qarşısında aciz qalan Yuqoslaviya, İraq və Liviya ssenarisi təkrarlanacaq.

Ən qorxulusu o ola bilər ki, indi Rusiyanın və Çinin sakit reaksiyası onu bildirəcək ki, onlar artıq dünyada baş verən dərəbəyliklə razılaşırlar. Bu rüsvayçılıq digər regionlarda da baş verəcək.

Bu, yolverilməzdir, ona görə ki, sonda beynəlxalq hüquq anlayışı altında olan hər şey məhv olacaq. Bununla barışmaq olmaz”, - Abbasov qeyd edib.

İcmal.Az

RƏYLƏR