Tahir Gözəlin torpaq davası...

OXUNUB: 2 İDMAN
1993-cü ildə Ağdamın işğalı nəticəsində didərgin düşən "Qarabağ”ın hekayəsi çoxlarına bəllidir. Bir vaxtlar ciddi maliyyə sıxıntısı yaşayan "köhlən atlar” indi titullarına görə ölkənin ən nüfuzlu futbol klubuna çevrilib.

Üstəlik, Qurban Qurbanovun komandasının Çempionlar Liqasında uğurlu çıxışı "Qarabağ”a dünya miqyasında da marağı artırıb. İndi hər kəs "Qarabağ”dan danışır, komandanın əzmkar ruhundan, mübarizə əzmindən söz açır.

Danışan həm də "Qarabağ”ın prezidenti Tahir Gözəldir. Amma onun bu danışığının məqsədi tamam başqadır. Ağdam klubunun rəhbəri Bakıda açıq-aşkar torpaq davası aparır.

Deyir, "Azərsun Arena”nın yanındakı torpaq ərazisini bizə uzunmüddətli icarəyə verin, orada futbol akademiyasını yaradaq.

Əlbəttə, "Qarabağ”ın belə təşəbbüslə çıxış etməsi, xüsusən də uşaq futboluna yatırım etmək niyyətində olması alqışlanmalıdır. Amma sual da yaranır: Tahir bəy, niyə Bakıda? "Qarabağ” paytaxt təmsilçisidir, yoxsa Ağdam?..

Yoxsa, hələ də Ağdamın işğal altında olduğunu düşünürsünüz?

Elədirsə, xatırladaq ki, Ağdam minlərlə şəhidin qanı hesabına 5 il əvvəl işğaldan azad olunub. Ötən il də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda tarixi "İmarət” stadionunun təməli qoyulub. Stadion üçün də 19,2 hektar torpaq sahəsi ayrılıb. Yaxın illərdə də stadionun hazır olacağı gözlənilir. Ağdamda futbol akademiyasını inşa etmək üçün də kifayət qədər boş ərazi var. Müraciət edilsə, dövlətin buna dərhal razılıq verəcəyi də heç kimdə şübhə doğurmur.

Amma nədənsə, əvvəlki illərdə olduğu kimi, "Qarabağ” rəhbərliyi Ağdamdan qaçmağa, bu klubun köklərini, onun hansı şəhəri təmsil ediyini unutmağa və ya unutdurmağa çalışır.

Tamam, başa düşürəm, "Azərsun Holdinq”in bu klub üzərində əməyi danılmazdır. Komandanın bu yerlərə gəlməsi üçün çox ciddi vəsait xərcləyib və indi də bunun bəhrəsini görür. Amma bu işin mənəvi tərəfi də var axı..

Ağdamda heç bilirsiniz, nə qədər uşaq "Qarabağ”ın eşqi ilə, bu klubun formasını geyinmək arzusuyla alışıb-yanır? Bəs, o uşaqlar bizim, Ağdamın, "Qarabağ”ın deyil?

Bəs, Şuşaya, Xankəndinə köçən ailələrin uşaqları?..

Bəs, bu komandanın əbədi kapitanı Allahverdi Bağırovun ruhu?..

Bəs, artıq bacasından tüstü çıxan Kəngərlidə, Xıdırlıdakı evlərə köçən ağdamlı çocuqlar?..

Bizim torpaq davamız 20 noyabr 2020-ci ildə bitib, Tahir bəy, bitib...

Bəlkə də kimlər üçünsə Dubay da bir vətəndir, amma "Qarabağ”ın kökü, əsli, son dayanacağı Ağdamdır. Qarabağ Azərbaycandır, "Qarabağ” Ağdamdır!

Emin Səfərov

RƏYLƏR