Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqro Biznes Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib.
Nazir Məcnun Məmmədov əvvəlcə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb. Görüşdə həmçinin, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra nazir Məcnun Məmmədov və TDT Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin Türk Dövlətləri Təşkilatının güclənməsində maraqlı olduğu və təşkilata üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini dəfələrlə qeyd etdiyi vurğulanıb.
Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.