Türkiyənin nüfuzlu ali təhsil müəssisələri Mingəçevir Dövlət Universitetini seçib: 5 müəllim, 6 tələbə Türkiyədə təhsil alacaq

OXUNUB: 75 SOSİAL
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi növbəti uğur çərçivəsində 6 tələbə bir semestrlik, 5 müəllim isə iki həftəlik mübadilə proqramında iştirak etmək imkanı qazanıb. Mübadilələr "Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələri olan Hacettepe Universiteti, Ege Universiteti, İstanbul Ticarət Universiteti, Karamanoğlu Mehmetbəy Universiteti  və Eskişehir Anadolu Universiteti  ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Mübadilə proqramlarına seçilən iştirakçılar kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, iqtisadiyyat, maliyyə, marketinq, dilçilik və ingilis dili müəllimliyi kimi ixtisaslar üzrə tədris və tədqiqat prosesinə qatılacaqlar.
Mübadilə proqramlarının səmərəli həyata keçirilməsi üçün universitet tərəfdaş ali təhsil müəssisələri ilə tədris planlarını uyğunlaşdırıb, tələbələrin kreditlərinin tanınması üçün zəruri mexanizmləri formalaşdırıb.
MDU-nun rektoru Anar Eminov mübadilə proqramında uğur qazanan müəllim və tələbələrlə görüşərək onları təbrik edib, beynəlxalq təcrübənin onların akademik inkişafında mühüm rol oynayacağını vurğulayıb. Rektor bildirib ki, xaricdə təhsil və tədqiqat aparacaq iştirakçılar türk və ingilis dili biliklərini daha da təkmilləşdirmək üçün bir aylıq sürətləndirilmiş dil hazırlığı proqramına cəlb olunacaqlar.
Qeyd edək ki, əməkdaşlıq qarşılıqlı şəkildə həyata keçirilir və bu proqram çərçivəsində Türkiyədən və türk dünyası ölkələrindən olan tələbə və tədqiqatçılar da Mingəçevir Dövlət Universitetini təhsil və araşdırma məkanı kimi seçiblər. Eyni zamanda, MDU-nun 2 tələbəsi Qazaxıstanın Karaganda Milli Tədqiqat Universitetində və L.N. Qumilyov Avrasiya Milli Universitetində, 1 müəllimi isə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində tədqiqat işlərini davam etdirəcək.
 




 

RƏYLƏR