“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

OXUNUB: 228 Özəl İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nazirliyin tabeli qurumlarının məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasının foyesində ucaldılmış büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar. 
Daha sonra "Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir başlayıb. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini, Yeni Azərbaycan Partiyası Yasamal rayonu, Ərazi İlk Partiya Təşkilatının sədri  Sarvan Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə qəbul edilən qərarlar, hazırlanan kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Nazir müavini əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında böyük dönüş yaranıb və iqtisadiyyatın bütün sahələri inkişaf edib.  
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ümummilli Liderin Azərbaycana hakimiyyəti dövründə əldə edilən nailiyyətlərə toxunub. Komitə sədri qeyd edib ki, möhkəm təməl üzərində qurulan inkişaf bu gün də davam edir. 
Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə xidmət edib.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi sayəsində dinamik iqtisadi inkişafa nail olunub, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikalarını xeyli qabaqlayıb. YAP rəsmisi əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi siyasət müasir Azərbaycanda davamlı inkişafa zəmin yaradıb. 
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub. Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı "Heydər Əliyev İli” və partiyada fəal ictimai-siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
 









 


RƏYLƏR