Bəzi xalqlarda qız qaçırma adət-ənənəsi olduğu kimi Azərbaycanda da bəzi bölgələrdə də bu cür hadisələrə rast gəlinir. Buna görə də elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Cəmiyyətimizdə də qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.
İcmal.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.
Sakin: "Sevgi olmalıdır 2 gənc arasında. Amma mənə elə gəlir ki,böyük xeyir-duası lazımlıdır. Çünki, ətrafımıza baxırıq da, xeyir-dua ilə getməyən uşaqların, gənclərin ailə taleyi heç də uğurlu alınmır.
Sakin: "Valideyinin məsləmətini qırağa qoymaq və ötəri hislərə qapılmaq, heç vaxt xeyir gətirmir".
Sakin: "Özbaşına gedəndə heç vaxt ata-ana buna xoş münasibət bəsləmir. Gözəl danışmır onunla və ya belə düz alınmır".
Sakin: "Görürsən ki, oğlanın təhsili yoxdur, heç bir yerdə işləmirsə, belə adamların əksəriyyəti qız qaçırdıllar. Bu da gəlib bədbəxtçiliyə səbəb olur".
Fidan Azərqızı (Psixoloq): "Bu ailələr, ümumiyyətlə, normal olaraq heç vaxt əksər hallarda uğurlu ailə sayılmır. Çünki öz razılığı olmadan qaçırılmağa sövq edilən bir xanım nikah boyunca qarşı tərəfi günahkar sayır və qarşı tərəfi burada günahlandırır və heç vaxt ona yaxşı həyat yoldaşı ola bilmir... Bu addımı atan bəylər də bilməlidir ki, tək onlar qarşı tərəfin deyil, öz həyatlarını da, öz nikahlarını da təhlükə altına atırlar və uğursuz edirlər".
Gənclərin də əksəriyyəti qız qaçırmağı çıxış yolu kimi görmürlər:
Tural İbadov (gənc): "Mən xeyr qız qaçırtmaq söhbətin eləmərəm. Mən özümü doğruldaram ki, valideyn öz qızını mənə verə bilsin".
Gənc qız: "Məncə sevənlər üçün düzgündü".
Namiq Şıxəliyev (gənc): "Qaçırdır qızı, xoşbəxtliyin qızda görür. Ona görə qaçırdır. Vaz keçmərəm heç vaxt. Amma qaçırtmaram da. Çünki əsas odur ki, qızın fikri əgər səninlə qaçmaqdısa, yəni qız da, nətər deyim, valideynlərinə saymazlıq eləyib səninlə qaçırsa da, çalışaram belə şey olmasın".
Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.
Cinayət Məcələsində göstərilir ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, həmin şəxs 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Statistikaya nəzər saldıqda qız qaçırma hallarının ötən illərlə müqayisədə azalmasını müşahidə edirik. Lakin bəzən bu kimi hallar statistikadan kənarda qalır. Buna səbəb isə qızı zorla qaçırılan ailənin milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməməsidir. Qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərir, daha sonra el ağsaqqallarının məsələyə müdaxiləsi ilə toya razılıq verirlər.
Allahverdi Quliyev (sakin): "Məsəl var "Gir Məcnunun gözünə bax Leylinin üzünə" oğlanın gözü ilə baxmaq lazımdır. Valideyn burada güzəştə getməlidir".
Fizuli Kazımov (sakin): "Ənənəvi təmtəraqlı toy eləmək imkanı olmur bəzilərində. Elələri çarəni qaçırtmaqda görürlərsə, əlbəttə, valideynlərin xeyir-duası varsa, buna mən yaxşı baxıram".
Qız qaçırmağa səbəb olan bir sıra amillər var ki, bunlardan ən əsası ailədaxili münasibətlərdir.
Fidan Azərqızı (psixoloq): "Evdə valideynləri tərəfindən sıxışdırılan, onun üçün şərait yaradılmayan, müxtəlif əziyyətlər görən xanımlar da olur ki, yəni bu əziyyətlərdən və s. qurtulmağın yolunu təkcə ailə qurmaqda görür. Bir də ki, valideynlər icazə vermədiyi üçün, kiməsə qoşulub qaçmaq addımını atırlar".
Qadir Əkbərov (sakin): "Mənim qızım onun layiqi deyil və yaxud qız atası deyir ki, böyük yerdə işləyirəm, oğlan atası heç yerdə işləmirsə, kasıbdırsa, mən niyə ona hampa olmalıyam".
Bəzi hallarda qız qaçırma heç də hansısa sevən qəlbi sevindirmək yox, insan alverinə töhfə vermək üçün də baş tutur. Belə ki, qız qaçırmadan sonra ilk öncə saxta evlilik həyata keçirilir. Sonra isə bal ayı adı ilə xarici ölkəyə səyahət. Buna görə də ötəri hislərə qapılaraq qoşulub qaçmamışdan öncə yüz ölçüb, bir biçmək lazımdır.
İcmal.Az