Vətən müharibəsində qazanılmış böyük Qələbə Heydər Əliyev ideologiyasının təntənəsidir

OXUNUB: 77 index-manşet SİYASƏT
Əli Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev aprelin 12-də özünün təşəbbüsü ilə açıq səma altında salınmış Hərbi Qənimətlər Parkının açılışında iştirak etmişdir.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Bildiyiniz kimi, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən sonra ötən il dekabrın 10-da təşkil olunmuş  Zəfər paradında düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının bir qismi nümayiş etdirilib. Hərbi Qənimətlər Parkı isə mükəmməl hərbi strategiya və taktikanın tətbiqi nəticəsində döyüş meydanında "Dəmir yumruq” əməliyyatının  sürətlə və az itki ilə həyata keçirmiş Azərbaycan Ordusunun gücünün daha geniş təcəssümüdür. Eksponatlar sırasında  ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlar, 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyinin əks olunduğu kompleks, mühəndis-maneə sistemləri, döyüş postu və əsgər kazarması böyük maraq kəsb edir. Düşməndən qənimət götürülmüş 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə isə ermənilərin bəd əməllərinə verilən tutarlı cavab kimi erməni əsgərinin fərariliyini sübut edən rəmzi kompozisiyalardan biridir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətlərə məruz qalan düşmən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək dinc sakinləri qətlə yetirməklə insanlıq əleyhinə və müharibə cinayətləri törətmişdir. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə ilə yanaşı burada Şuşaya atılmış "İskəndər M” raketinin qalıqlarının hərbi cinayətin əyani sübutu olduğunu söyləyən cənab İlham Əliyev bu hadisəyə öz münasibətini belə ifadə etmişdir: "Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”. Bununla dövlətimizin başçısı həm də istənilən məsələdə və istənilən şəraitdə Azərbaycan dövlətinin və xalqının pozulmuş hüquqlarının müdafiəsi istiqamətində siyasi iradəsini  ortaya qoymuş oldu.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dövlətimizin yüksək hərbi mükafatları, o cümlədən  müharibədən sonra ölkə rəhbərinin təşəbbüsü ilə təsis edilmiş "Vətən müharibəsi qəhrəmanı” ulduzu, "Zəfər” və "Qarabağ” ordenləri ilə təltif olunan hərbi qulluqçularla görüşdə geniş nitq söyləmişdir. Bu görüşün məhz bu parkda keçirilməsinin rəmzi məna daşıdığını dilə gətirən cənab İlham Əliyevin çıxışı diqqət çəkən bir sıra məqamlarla zəngindir. Onlardan biri Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini şərtləndirən amillərə və tarixi qaynaqlara  nəzər salmasıdır: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.

Prezident İlham Əliyevin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını şərtləndirən siyasi aspektlər və bu fonda Heydər Əliyev şəxsiyyəti ilə  bağlı açıqlamaları tarixi reallıqların ədalətli dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir: "Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər…Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı…”

Həqiqətən də o dövrdə Mixail Qorbaçovun ermənipərəst əlaltılarının idarəçiliyinə verilmiş Dağlıq Qarabağ faktiki olaraq  Azərbaycanın tərkibindən çıxmışdı və Bakıda bu prosesin qarşısını alacaq bir siyasi qüvvə yox idi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaosun və vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında ulu öndər Heydər Əliyevin rolu barədə fikirlərini bölüşmüşdür: "Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına...Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı”.

Ölkə rəhbəri öz çıxışında Qarabağ probleminin danışıqlar yolu ilə həlli mərhələlərində üzləşdiyi təzyiq və təpkilərə baxmayaraq heç zaman güzəştə getmədiyini bildirmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət vermişdir: "…2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim…Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər…”

Son dövrdə anışıqlar masasında prinsipiallıq nümayiş etdirməklə yanaşı əsası ulu öndər Heydət Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atılmış, dövlət büdcəsində hərbi xərclər hər il dinamik şəkildə artırılmışdır. Bu proses dövlətimizin siyasi prioriteti kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” ifadəsinin müəllifi olan ölkə rəhbəri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı bu fikri inkişaf etdirərək söyləmişdir ki, ölkəmizin kifayət qədər güclü iqtisadi potensialı  və maliyyə resursları  Qələbənin əldə edilməsində xüsusi rol oynamışdır.

Həqiqətən də, cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Bu müddət ərzində Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü orduları sırasına daxil olmasına müvəffəq olub. Bu istiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə xərclərinin 15 dəfə artırılaraq 4 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da Ermənistanın hərbi büdcəsindən qat-qat çoxdur.

Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa zaman ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaşdırmaq üçün  əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçılarından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividentlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur. Bu, həm də siyasi amil olaraq digər dövlətləri və beynəlxalq gücləri qüdrətli Azərbaycanla hesablaşmağa sövq edir. Ordumuzun döyüş qabiliyyətinin çöx yüksək dəyərləndirən ölkə Prezidenti bu sahədə dövlətin həyata keçirdiyi siyasətə aydınlıq gətirmişdir: "…Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Qürurvericidir ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız təhlil olunur, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr "Dəmir yumruq” əməliyyatının bütün incəliklərini öyrənirlər, öz ordularını Azərbaycanda tətbiq edilən müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər.

Beləliklə, cənab İlham Əliyevin dövlətin sükanı arxasında durduğu son 17 il ərzində ölkəmizin hərtərəfli islahatlar kursu ilə sürətli inkişafı, daim yüksələ n beynəlxalq nüfuzu, ikinci Qarabağ müharibəsində  böyük Qələbəni təmin edən ordu quruculuğu istiqamətində əldə olunmuş uğurlar, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.

 "Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək  bəşəriyyətə səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Ona görə də nəticə etibarı ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir.

RƏYLƏR