Hakim Rafiq Abbasov isə cəzanı 14 ildən 6 ilə saldı, daha sonra azad edəcəyini vəd etdi. Və artıq zaman yetişdi, Tural Abdullayev azadlığa çıxdı. Vəsaiti dələduzluq yolu ilə oğurlanan sıravi iş adamları, vətəndaşlar isə çıxılmaz vəziyyətdə qalıblar. Yazı barədə ətrafı məlumatı təqdim edirik:
Son zamanlar Azərbaycanda böyük dələduzluq hadisələri ilə bağlı məhkəmə reportajları mətbuatın gündəmindən düşmür. Amma buna baxmayaraq Azərbaycanda iri miqyaslı dələduzluq halları da çiçəklənməkdədir və bu dələduzluqları həyata keçirənlər də heç də sıradan insanlar deyil, arxalı məmurlar, ya da onların övladlarıdır…
Bəs bu qədər dələduz həbs edildiyi halda bu "peşə” niyə çiçəklənir? Səbəbi çox sadədir. İnsanların etimadından sui-istifadə edərək yüz minləri, milyonları faktiki olaraq oğurlayan dələduzlar sonradan həbs olunsalar da, oğurladıqları pulları geri qaytarmırlar. Əvvala məhkəmə bu dələduzların əmlakına həbs qoymur və qoyanda isə məhkəmə icra orqanları hansısa səbəbdən qərarı icra etmirlər. Çoxu zaman isə dələduzlar "sonlarını bilən qəhrəmanlar” olduqları üçün adlarında əmlak belə saxlamırlar. Nəticədə isə dələduzlar nağd olaraq əldə etdikləri pulların cüzi hissəsi ilə həbsxanada "yağ-bal” içində yaşayırlar. Bir iki ildən sonra isə yenə dələduzluqla əldə etdikləri pulların bir hissəsi ilə azadlıqlarına qovuşurlar və sonda o pullarla özlərinə rahat və kef-damaqlı həyat qururlar.
Bu üzdən də Azərbaycanda dələduzluğun inkişafı təbii prosesdir və bu prosesin sonucunda insanlar milyonlar əldə edirlər.
Bir də işin içində bir iki il həbsxana həyatı yaşayıb işin içindən çıxan dələduzların qurbanları var. Onların ağrı və acıları, saflıqlarına görə səfalət içində yaşadıqları halda onların pulları ilə bir cinayətkarın cah-cəlal içində yaşamasını seyr etmək də var.
Yuxarıda söylədiklərimiz bütün dələduzların qurbanlarının yaşadıqları ağrılı və acılı prosesdir. Onlardan biri isə bizim bu günkü qəhrəmanımızdır.
Çox qəribədir ki, pulun qaytarılması ilə bağlı zərərçəkənlərə onun atası və özü müxtəlif dövlət qurumlarında çalışan qohumlarının adı ilə təzyiq etməyə çalışırlar. Namiq Hüseynov bildirir ki, hətta bu tipli təzyiqlər hərbi prokuror Xanlar Vəliyev səviyyəsinə qədər gedib çatıb.
Tural Abdullayev isə dələduzluqla ələ keçirdiyi pullarla xeyli sayda daşınmaz əmlak alıb və sözsüz ki, yaxın qohumlarının adına keçirib. Öz adına heç bir əmlak saxlamayıb.
Komandan müavini olmuş ata oğulunun dələduzluğundan zərərçəkənlərə çox maraqlı cavab verib: "Kimə istəyirsiz müraciət edin. Ən uzağı 150-200 min verib onu azad etdirəcəyik və ya 2-3 il həbsdən sonra onu azad etdirəcəyik”. Maraqlıdır deyilmi?
Məcbur qalan Qarabağ qazisi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən məsələnin obyektiv nəticələnməsi üçün kömək istəyir.
Qeyd edək ki, hazırda Namiq Hüseynov və digər 8 nəfər zərərçəkmiş Tural Abdullayevin həbsini deyil, onlardan aldığı pulları geri qaytarmağı tələb edirlər. Namiq Hüseynov hazırda evsiz qaldığını, kirayədə yaşadığını və pensiya ilə dolandığını deyir. O, ölkə prezidentinə də məhz buna görə müraciət edir və "Tural Abdullayevin həbs olunması mənə lazım deyil, pullarımın geri verilməsini məhkəmə təmin etsin”, deyir.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində yaxın günlərdə Namiq Hüseynov və digər 8 nəfər zərərçəkmişin bununla bağlı iddiasına baxılacaq. Amma məhkəmə Tural Abdullayevdən mənimsədiyi pulları alıb sahiblərinə qaytara biləcəkmi?
Bu sualın özü böyük sual altındadır...
























