"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bu gün Qəbələdə vətəndaşları qəbul edib.
Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında baş tutan görüşdə Qəbələ və Oğuz rayonlarından olan sakinlər iştirak ediblər.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Qəbuldan əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Qəbələdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı "Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
"Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

























