Vüqar Rəhimzadə SOCAR-ın fəxri fərmanı ilə təltif edildi

OXUNUB: 1730 SOSİAL
Ötən gün SOCAR-ın Baş ofisində YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 50 illik yubileyi münasibətilə SOCAR-ın fəxri fərmanı ilə təltif edildi.

Mərasimdə çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirdi ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda qeyd edilir:

"Hörmətli Vüqar müəllim,

Sizi neft sənayesi işçiləri, SOCAR rəhbərliyi və şəxsən öz adımdan anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram. 

SOCAR-ın təsisçiliyi ilə nəşr olunan "İki sahil” qəzeti ölkəmizin tarixində gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb bir dövrdə işıq üzü görmüş, milli müstəqillik uğrunda mübarizəyə qoşularaq, sağlam düşüncəli ziyalıların tribunasına çevrilmiş, fəaliyyətinin bütün mərhələlərində xalqımıza sədaqətlə xidmət etmişdir. Ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyəti təsisatlarının kök salması, milli ruhun oyanması və qorunması, söz və fikir azadlığının yüksək səviyyədə təmin edilməsi KİV rəhbəri olaraq Sizi daim düşündürmüş, dərin araşdırma tələb edən aktual mövzularda ciddi təhlillər aparmağa ruhlandırmışdır. Siz "91-lər hərəkatı”nın, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, 2000-ci il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmisiniz. Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Sizin tutduğunuz dövlətçilik və vətənpərvərlik mövqeyini təqdir etmişlər.

Gördüyünüz işlər daim diqqət mərkəzindədir, əməyiniz yüksək qiymətləndirilir. Siz 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, SOCAR-ın fəxri fərmanı ilə təltif olunmusunuz. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi müvəffəqiyyətlə fəaliyyət göstərirsiniz. Sizin rəhbərlik etdiyiniz qəzet şərəfli tarixə malik Azərbaycan neftçilərinin mətbuat tribunasıdır. Çoxminli neftçilər ordusu bu qəzeti sevir, diqqətlə izləyir, ona dərin etimad bəsləyir. Əminəm ki, tükənməz enerjinizi bundan sonra da Vətənimiz Azərbaycanın və ölkə iqtisadiyyatının avanqard qüvvəsi olan SOCAR-ın daha da qüdrətlənməsinə sərf edəcək, fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Hörmətli Vüqar müəllim,

Bu əlamətdar gündə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, yaradıcılığınızda və ictimai fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.”

Xalik Məmmədov da öz növbəsində Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı: "Vüqar Rəhimzadə ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkədə ictimai-siyasi vəziyyətin ağır, gərgin olduğu bir dövrdə "İki sahil” qəzetinin baş redaktoru kimi öz fəaliyyətini uğurla davam etdirib, Heydər Əliyev ideyalarının əsas təbliğatçılarından biri olub və heç zaman doğru bildiyi bu müqəddəs prinsiplərdən dönməyib. Vüqar Rəhimzadə Azərbaycan mətbuatının sayılıb-seçilən simalarından biridir. O bu adı öz zəhməti, səmimiliyi, işgüzarlığı və qətiyyəti ilə qazanıb.”

Yubilyarı təbrik edən SOCAR-ın Sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov Vüqar Rəhimzadənin ölkə mətbuatının inkişafındakı rolundan danışdı:  "İki sahil” qəzeti Vüqar Rəhimzadənin rəhbərliyi ilə uzun illərdir ki, uğurla fəaliyyət göstərir, dövlətçiliyə, milli maraqlara xidmət edir. Vüqar Rəhimzadə daim əqidəsinə, dövlətinə, xalqına sadiqdir. Hesab edirəm ki, bu cür müsbət keyfiyyətlər kamil insan üçün ən dəyərli amillər sırasındadır.”

Mərasimdə çıxış edən SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev, SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, SOCAR-ın İşlər İdarəsinin rəis müavini İbrahim Əhmədov Vüqar Rəhimzadənin həyat və fəaliyyətindən danışdılar, yubilyara gələcək yaradıcılığında uğurlar arzuladılar. 

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə SOCAR prezidenti Rövnəq Abdullayev başda olmaqla Dövlət Neft Şirkətinin rəhbərliyinə, neftçilər ailəsinə dərin minnətdarlığını bildirdi, bu diqqət və qayğını onun kiçik xidmətinə verilən böyük dəyər kimi qiymətləndirdi. Yubilyar SOCAR-ın ölkə daxilində və xaricdəki uğurlu fəaliyyətindən söz açdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas icraçılarından olan SOCAR möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən artıq beynəlxalq şirkətə çevrilib: "SOCAR həyata keçirdiyi qlobal layihələrlə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Biz də "İki sahil” qəzeti olaraq bu siyasətə dəstək verməkdən qürur duyuruq.”

Sonda SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə 50 illik yubileyi münasibətilə SOCAR-ın fəxri fərmanını və hədiyyəsini təqdim etdi/ikisahil.az
 
İcmal.Az

RƏYLƏR