Xalq dolanışıq dərdində, Avtomobil Yolları Agentliyinin baş mütəxəssisi isə 150 minlik toy şousu qurdu

OXUNUB: 17 GÜNDƏM HADİSƏ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mütəxəssisi oğluna təmtəraqlı toy mərasimi keçirib.
 Azərbaycanda dövlət qulluqçuları arasında dəbdəbə yarışı səngimək bilmir. Bu dəfə gündəmə gələn ad Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu olub.
Məlumata görə, Fərmanov yaxın günlərdə oğluna "Elux Event Hall” məkanında təmtəraqlı toy mərasimi təşkil edib. Toyun miqyası elə böyük olub ki, iştirakçılar onu "dövlət tədbiri”nə bənzədiblər.
Toya ölkənin aparıcı müğənniləri - Aygün Kazımova, Röya və digər məşhur ifaçılar dəvət olunub. Yalnız müğənnilərin çıxışları üçün təxminən 150 min manat xərcləndiyi bildirilir.
Mərasimdə 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da ailəsi ilə birlikdə iştirak edib. O, gəlin-ginə 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyə təqdim edib.
Dövlət qulluqçuları haqqında qanunlara əsasən, məmurlar etik davranış qaydalarına əməl etməli və vəzifə statusundan şəxsi maraqları üçün istifadə etməməlidirlər. Lakin bu cür bahalı tədbirlər və yüksək dəyərli hədiyyələr "etik sərhədlər harada bitir?” sualını gündəmə gətirir.
Həmçinin, dövlət maaşı ilə yaşayan məmurların bu səviyyədə dəbdəbə nümayiş etdirməsi, "bu vəsaitlər hansı mənbədən qarşılanır?” kimi ictimai narazılıq doğuran suallar yaradır.
Ekspertlərin qənaətinə görə, məmurların dəbdəbəli həyat tərzi cəmiyyətin sosial ədalət duyğusuna zərbə vurur və dövlət qulluğuna olan etimadı sarsıdır. Sadə vətəndaşlar gündəlik dolanışıq dərdi çəkdiyi bir vaxtda, büdcə vəzifəlilərinin lüks mərasimlər keçirməsi ictimai etimad uçurumunu dərinləşdirir.
Bu kimi hallar təsadüfi bir hadisə deyil, dövlət idarəçiliyində şəffaflıq və etik prinsiplərin zəiflədiyini göstərən sistemli bir problemdir.
Cəmiyyətin etimadının bərpası üçün məmurların davranışlarına nəzarət gücləndirilməli, etik pozuntulara qarşı ciddi mexanizmlər tətbiq olunmalıdır.
 
 

RƏYLƏR