Xətai Rayon İcra Hakimiyyətinin atdığı bəzi addımlar cəmiyyətdə haqlı suallar və ciddi narazılıq doğurur. Qazilər, müharibə veteranları aylarla qəbuluna düşə bilmədiyi halda, icra strukturlarının bəzi məmurlarının məşhur müğənnilərin qarşısında ikiqat əyilməsi artıq hörmətsizlik həddini aşır. Bu ölkənin torpağı uğrunda canından, sağlamlığından keçən qazilər kabinet qapılarında gözlədilir, amma şou-biznes nümayəndələri üçün qapılar dərhal açılır. Bu nədir?
Dövlətçilik anlayışıdır, yoxsa biabırçı yanaşma? Unutmaq olmaz ki, bu vəzifələr müvəqqətidir, xalqın hörməti isə əbədi ola bilər. Əgər bu gün qaziyə, veterana biganə qalınırsa, sabah bu biganəlik ictimai etimadsızlığa çevriləcək.
Bu cür davranışlar nə dövlətə, nə də vəzifə sahiblərinə hörmət qazandırır. Bəzən insanın öz-özünə sual verməsi lazımdır: biz kimə və nəyə xidmət edirik? Populyarlığa, yoxsa ədalətə?
Bu yanaşma dəyişməsə, deyiləcək söz birdir: Bu, sadəcə yanlış addım yox, açıq-aşkar biabırçılıqdır.
Nuranə Abdullayeva























