Xətai rayonunda qanunsuz tikinti: Ana su xətlərinə müdaxilə, ağacların kəsilməsi və ciddi iddialar

OXUNUB: 0 HADİSƏ
Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi 185 ünvanında aparılan tikinti işləri ətrafında ciddi qanun pozuntuları ilə bağlı iddialar yayılıb. Yerli sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə aparılan tikinti işləri mövcud şəhərsalma və ekoloji normalara zidd şəkildə həyata keçirilir.Məlumata əsasən, tikinti zamanı şəhərə gələn ana su xətlərinə birbaşa müdaxilə olunub.
 
Halbuki qüvvədə olan qaydalara görə, bu tip mühüm kommunikasiya xətlərindən tikinti obyektləri ən azı 50 metr məsafədə yerləşdirilməlidir. Hazırda aparılan işlərin bu tələblərə əməl edilmədən həyata keçirildiyi bildirilir ki, bu da gələcəkdə ərazidə ciddi texniki problemlərə, su təchizatında fasilələrə və təhlükəsizlik risklərinə səbəb ola bilər.Sakinlərin narazılığına səbəb olan digər məqam isə ekoloji pozuntulardır. İddialara görə, tikinti ərazisində 3 ədəd çoxillik ağac kəsilib. Qanunvericiliyə əsasən, çoxillik ağacların kəsilməsi yalnız müvafiq icazələr və kompensasiya mexanizmləri əsasında mümkündür. Hazırda isə bu ağacların hansı əsasla və kimin göstərişi ilə kəsildiyi sual altındadır.Daha ciddi narahatlıq doğuran məqam isə sakinlərin səsləndirdiyi iddiadır ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tikintinin bayram ərəfəsində sürətlə yekunlaşdırılması üçün icazə verilib. Bu iddia təsdiqini taparsa, məsələ təkcə qanunsuz tikinti deyil, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalını gündəmə gətirir.Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, tikinti prosesi nəinki kommunikasiya xətlərinə və yaşıllığa zərər vurur, eyni zamanda ətraf binaların təhlükəsizliyinə də risk yaradır. Ağır texnikanın hərəkəti, səs-küy və təhlükəsizlik qaydalarına əməl olunmaması sakinlərin gündəlik həyatına ciddi maneələr yaradır.Məsələ ilə bağlı müvafiq qurumların – Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də aidiyyəti kommunal xidmətlərin araşdırma aparması tələb olunur. İctimaiyyət isə gözləyir ki, məsələ şəffaf şəkildə araşdırılsın, qanun pozuntularına yol verilibsə, məsul şəxslər barəsində ciddi tədbirlər görülsün.AzTimes.az olaraq qarşı tərəfin – Xətai Rayon İcra Hakimiyyətinin və tikintini aparan şəxslərin mövqeyini dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.
 

RƏYLƏR