Bu gün Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar, bir neçə baş redaktor və jurnalistin Zəngilan rayonuna səfəri təşkil olunub.
Siyasi hadisə ilə bağlı 7NEWS.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bu kimi səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini dedi: "Prezident İlham Əliyevin son illərdə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması və siyasi dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Bu addımlardan biri də siyasi partiya rəhbərlərinin, siyasi şərhçilər, politoloqlar və media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil edilməsidir. Prezident Adminstrasiyasının təşkilatçılığı ilə artıq çoxsaylı belə səfərlər təşkil edilib. Bugünkü səfərin istiqaməti Cəbrayıl və Zəngilan rayonlarıdır. Bu səfərlərin əsas məqsədi xalq, cəmiyyət olaraq uzun illər ərzində azadlığı uğrunda birgə mübarizə apardığımız torpaqları və orada aparılan işlərə canlı şahidlik etməkdir. Eyni zamanda, məqsəd ölkədəki siyasi və media mühitinin aktiv iştirakçılarının bir çoxunun münbit müzakirə platformasına cəlb etməkdir. Təəssüf hissi ilə qeyd edim ki, torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etsək də, bizə qarşı siyasi, diplomtik və informasiya mühitində dezinformasiya siyasətinin, səlib yürüşlərinin ardı-arası kəsilmir. Bu o deməkdir ki, milli maraqlarımızıın müdafiəsi naminə siyasi birliyin formalaşdırılması olduqca vacibdir. Bu birliyin aktuallığı heç də 44 günlük müharibə dövründə olduğundan az deyil. Şəxsən dəfələrlə belə səfərlərdə iştirak edən biri kimi qətiyyətlə deyə bilərəm ki, bu cür səfərlər həm düşüncəmizə, həm də fəaliyyətimizə sanki yeni təkan və yeni güc verir. Çünki biz haqq mübarizəmizi davam etdiririk və bu mübarizədə qarşı tərəflər nə qədər dirəniş göstərsələr də, bizi yolumuzdan heç kim və heç nə döndərə bilməz!"