"1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. YAP-ın bu günki fəaliyyəti bir daha onu göstərdi ki, vaxtilə Ulu Öndər tərəfindən atılmış addım Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan, suverenliyinin itirilməsindən xilas etdi. YAP-ın təsis konfransından artıq 33 il keçir. Bu 33 ildə istər Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, istərsə də cənab Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"1992-ci il 21 noyabr tarixində Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu partiya xalqın sanki ümid yeri oldu. Çünki Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. YAP sadəcə bir siyasi partiya deyil. O həm də xalqın partiyasıdır. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün də biz iqtidar xalq birliyini görürük. Cənab Prezident İlham Əliyevin ətrafında xalqın necə dəmir yumruq kimi birləşdiyinin şahidiyik. Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı İlham Əliyev həm partiyanın siyasi yolunu, həm də ölkəmizin inkişaf xəttini çox uğurla cızır və davam etdirir. Azərbaycan xalqı YAP-a necə böyük etimad göstərdiyini hər seçkidə nümayiş etdirir”.
























