Yasamal rayon İcra Hakimiyyəti ilə bağlı cərimə protokolu imzalanıb.
Yasamal İH İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyihinə olan 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Yasamal İH-lə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 25 fevral tarixində hakim Sevinc Quliyevanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, Yasamal İH sakinlər tərəfindən ən çox narazılıq yaradan, şikayət olunan qurumlardandır. İH-in ay ərzində çox sayda məhkəmə işləri də var.
Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur.





















