“Yeganə” şadlıq sarayından dəhşətli görüntülər: İstehlaka yararsız məhsullar...

OXUNUB: 269 Özəl İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 7News.Az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində paytaxtın Binəqədi rayonunda H.Əliyev küçəsi, 3024-cü məhəllədə fəaliyyət göstərən fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus "Yeganə palace” şadlıq sarayında yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik "Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik "Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik "Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik "Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik "Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik "Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik "Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik "Chivas Regal” və 12 ədəd 0,5 litrlik "Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqanoleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kiloqram sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kiloqram balıq məhsulu, 80 kiloqram piy və 250 kiloqram ət, həmçinin çəkisi 20 kiloqram olan son istifadə tarixi bitmiş "kartof fri” məhsulu aşkarlanıb.

Bundan başqa müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Həmin məhsulların istifadəsinin qarşısı alınıb və dövriyyədən çıxarılıb, onlardan nümunə götürülərək təhlükəsizlik göstəricilərin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.
 
 
 

RƏYLƏR