Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.
7News.Az yeni ekologiya və təbii sərvətlər nazirinin dosyesini təqdim edir:
Rəşad İsmayılov Bakı Dövlət Universitetinin "hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Əmək fəaliyyətinə 2000-ci ildə "Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə "Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olub.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri olub.
O, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixindən bu günə qədər isə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.























