Yeni yaranan 10 manatlıq şirkət 4 tenderin qalibi oldu

OXUNUB: 786 Özəl İQTİSADİYYAT

"Respublika Sanitariya-Karantin Mərkəzi” Publik Hüquqi Şəxsi Tekasona Servis MMC ilə ümumi maliyyə həcmi 148 981 AZN olan 4 müqavilə imzalayıb. 

7News.Az xəbər verir ki, bu müqavilələrə görə sözügedən MMC maşın və avadanlıqlarla (10 000),  invertarla (44 000 AZN) təmin etməli, kommunal işləri (45 981 AZN) və cari təmir işlərini (49 000 AZN) həyata keçirməlidir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Tekasona Servis” MMC 17 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakə şəhəri Sabunçu rayonu, Sabunçu şəhər tipli qəsəbəsi, Yefim Saeatovets küçəsi, ev 15-də yerləşən "Tekasona Servis”in qanuni təmsilçisi Nuriyev Samir Qəyyum oğludur.

Şirkət və onun qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Görünür, bu "Tekasona Servis”in yeni yaranması ilə bağlıdır. Reyerstr məlumatlarından da görünür ki, MMC bu ilin fevralın yaranıb. Amma buna baxmayaraq, artıq 4 tenderin qalibi olub. Bu isə tenderlərin şəffaf keçirilməsinə şübhələri artırır.

Nəzərə alsaq ki, Azərbaycanda tender korrupsiya əməliyyatları ilə müşayiət olunur, o zaman 3 aydır fəaliyyət göstərən və nizamnamə kapitalı 10 manat olan "Tekasona Servis”in qalib olması inandırıcı görünmür.

Təcrübə göstərir ki, adətən bu tip şirkətlər tender keçirən müvafiq qurumların özləri tərəfindən yaradılır. Bu büdcə vəsaitlərini qaranlıq məqsədlərə xərcləmək üçün düşünülmüş sxemdir. Mətbuatda bu cür korrupsiya əməliyyatları barədə çox yazılıb.

 

RƏYLƏR