“Zaqataladakı faciə ilə bağlı cinayət işi başlanılıb” – Elşən Musayev

OXUNUB: 881 HADİSƏ
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayevin aktual.az-a müsahibəsi

Elşən müəllim, Zaqatala Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş vermiş ölüm hadisəsi ciddi müzakirələrə səbəb olub. Eyni zamanda sosial şəbəkələrdə, mediada Rəna Ramazanovanın ölümündən qısa müddət əvvəlki səs yazısı paylaşılıb və ailə hadisənin baş verməsinə görə bu işə məsul həkimi ittiham edir. Məsələ ilə maraqlanmısınızmı?

 Əlbətdə maraqlanmışam. Rəna xanım çox gənc yaşında dünyasını dəyişib. Böyük faciədir. Həqiqətən. İki körpə uşaq anasız qalıb. Əzizlər üçün, həyat yoldaşı, valideyn üçün bundan böyük dərd ola bilməz. Elə bir neçə saat öncə Rəna xanımın atası ilə telefon əlaqəsi saxladım və məndən xahişi bu oldu ki, məsələnin tam araşdırılmasında onlara kömək edim. Və təbii, mən onlara əlimdən gələn köməyi edəcəm.    

Həkimlərə ünvanlanan ittihamla bağlı nə deyə bilərsiz?

Hazırda istintaq gedir. Hadisə ilə bağlı cinayət işi açılıb. Prokurorluq bütün detalları araşdırır. Ona görə də məhz bu mərhələdə kiməsə qarşı ittiham irəli sürməyi, mövzu ilə bağlı konkret şərh verməyi məqbul hesab etmirəm. Sırf öz timsalımda və indiki məqamda. Eyni zamanda düşünürəm ki, ən doğru qərarı istintaq, məhkəmə verəcək və əgər həqiqətən Rəna xanımın ölümündə kiminsə günahı varsa mütləq cəzasını alacaq. Buna kimsənin şübhəsi olmasın.

Xanımın səs yazısına qulaq asmısızmı?

Bəli, qulaq asmışam. Hətta o səs hələ də qulağımdadır. Çox kədərli səsdir. Kədərli və narahat.

Rəna Ramazanova həmin səs yazısındakı danışığında xəstəxanadan, həkimlərdən şikayət edir, baxımsızlıqdan gileylənir. Bu, günahkarın ünvanını göstərmirmi?

Günahkarın ünvanını istintaq göstərəcək. Mənim bu məsələ ilə bağlı hətta şəxsi mülahizəm, fikrim, rəyim olsa belə istintaqın gedişi zamanı bunu bölüşə bilmərəm. Çünki düz anlaşılmaya, istintaqın işinə maneçilik kimi görünə bilər. Sadəcə bir məqamı nəzərinizə çatdırım ki, Zaqatala Prokuroru başda olmaqla bu qurumun bütün əməkdaşları peşəkarlardan ibarətdir. Üstəlik, təmiz, dürüst, səmimi insanlardır.  Ona görə də qəti əminliyim var ki, məlum faciədə kiminsə günahı varsa mütləq ortalığa çıxacaq və yekunda hər şey aydınlaşacaq. İlk öncə isə ekspertiza rəyini gözləməliyik.

Tərəfinizdən hüquq-mühafizə orqanlarına müraciət olacaqmı?

Mütləq olacaq. Hətta artıq həmin müraciət hazırlanır. Cənab Baş Prokurora və TƏBİB sədrinə ünvanlayacam, bu müraciətləri. Eyni zamanda onlardan xahiş edəcəm ki, məsələ şəxsi nəzarətlərində olsun.

RƏYLƏR