Ehtiyatda olan zabitdən Səfər Əbiyevə şok ittiham: “Sabiq nazir xəyanətkardır”

OXUNUB: 1632 HADİSƏ SİYASƏT
"Keçmiş Müdafiə naziri Səfər Əbiyev xəyanatkardır. Çünki vəzifədə olduğu dövrdə Orduya ayrılan küllü miqdarda vəsaiti mənimsəyib, yeni adı altında köhnə silahlar alıb dövlətə sırıyıb, ömrünü Vətənə xidmətə həsr edən şərəfli zabitləri ləkələməklə məşğul olub. Onun dövründə alınan silahlarla nəyinki hücum etmək, heç müdafiə olunmaq da mümkün deyildi”.
 
Bunu Qaynarinfo-ya ehtiyatda olan zabitlərdən biri deyib.
 
O vurğulayıb ki, müxtəlif dövrlərdə Azərbaycan Ordusunun silahlanmasını yada salanda maraqlı faktlarla üzləşirsən: "1990-cı ildən bu günə kimi on illiklər arasındakı yerlə göy qədər fərq var. Naməlum səbəblərdən sabiq Müdafiə naziri Səfər Əbiyev Ordumuzun müasirləşməsi və güclənməsi üçün səy göstərmirdi, əksinə zəiflətməyə çalışırdı.
 
 
Xidmətim zamanı şahidi olduğum bəzi halları yada salmaq istəyirəm. Adi bir misal çəkim, 2005-2006-ci illərdə Ordunun silahlanmasına "yeni” toplar əlavə olundu. Bağlanmış müqavilə əsasında Rusiyadan 1940-cı illərdə istehsal edilmiş D-44 topları alındı. Milyonlarla dollar pul xərclənən bu toplar "yeni” adı ilə silahlanmaya əlavə edildi. "Ural” maşınının yedəyində olan 82 mm-lik kiçik çaplı toplar həmin dövr üçün effektiv sayılmırdı. Çünki lüləsinin qalxma bucağı 35° olan top dağlıq ərazidə örtü arxasında olan hədəfləri məhv etməyə qadir deyildi. Sual yaranır, dağlıq ərazi olan dədə-baba torpaqlarımızı işğaldan azad etmək üçün, dağlıq ərazidə istifadəsi texniki olaraq əlverişsiz olan bu topları milyonlar xərcləyərək almaqda, həmin dövrdə Müdafiə naziri olan Səfər Əbiyevin məqsədi nə idi? Ordunun güclənməsinə çalışmalı olan sabiq Müdafiə naziri İkinci Dünya müharibəsindən qalan toplarla hansı hədəfləri vurmağa çalışırdı? Bu köhnə silahlara görə bəlkə də 2016-cı ilə qədər Ordumuz çiynindəki yükləri atıb 1 santimetr belə irəliləyə bilmirdi. Heç bir qoşun növü komandirinin sözünü dinləmədən, təcrübəli ixtisasçıların fikrini öyrənmədən "sroku keçmiş” texnikanı Orduya sırımaqda məqsəd ancaq bir ola bilərdi: Ordunu tamamilə zəiflətmək. Dövlətin Orduya ayırdığı milyonlar torpaqlarımızı işğaldan azad etmək üçün Ordunu texniki cəhətdən müasirləşdirmək və gücləndirmək məqsədi daşıyırdı, amma sabiq nazirin fəaliyyəti bunun tam əksini göstərirdi. Silahına, texnikasına, komandirinə güvəni olmayan əsgərin döyüş ruhu necə yüksək ola bilərdi?
 
 
Onun sözlərinə görə,nazir olduğu müddət ərzində Səfər Əbiyev erməni postları istiqamətində güllə atmağı qadağan etmişdi: "Hər atılan gülləyə görə cinayət işi başlanılırdı. Qanunla sursatın "naçotu” 10 qat hesablandığına görə maaşdan kəsilirdi, izahat alınırdı, təhqiqat aparılırdı. 1 güllə 4 dollardır, amma 40 dollardan hesablanırdı. Xidməti həmin dövrə təsadüf edənlər bunu təsdiqləyər. Belə olan halda postda dayanan Azərbaycan əsgərinin  ermənilərin törətdiyi təxribatın qarşısını almaq üçün 1 raket atıldığını gözünüzün qarşısına gətirin. Ermənilər postlarımızı atəşə tuturdu, əsgərlərimiz şəhid olurdu, biz isə düşmənə cavab verə bilmirdik. Belə şəraitdə isə Ordu nəinki hücum heç müdafiənin tələblərinə cavab vermirdi. Bu, ordunu zəiflətmə siyasəti idi və bunu ancaq xəyanət adlandırmaq olar. Bu siyasətə qarşı çıxan komandirləri, təcrübəli zabitləri isə müxtəlif yollarla şərlədir və Ordu sıralarından uzaqlaşdırırdı. Zabit və generalları öz yanında döyüş təcrübəsinə, peşəkarlığına və ya akademik elmi təhsilinə görə yox, "işverən”lik qabiliyyətinə görə seçib saxlayırdı. Onun "zəiflətmə” siyasəti ilə barışmayan müavinlərinin isə səlahiyyətlərini məhdudlaşdırır, hərbi hissə komandirlərinə onlarla əlaqə saxlamağı qadağan edir, bu əmri pozanları isə müxtəlif  yollarla vəzifələrindən "vururdu”. Tək məqsədi öz biznesini inkişaf elətdirmək və pul gücünə özünə havadarlar qazanmaq olan Səfər Əbiyev artıq çoxdan xaricdə yaşasa da havadarları hələ də ona tərəfkeşlik edir, xəyanətlərini xalqa unutdurmaq üçün Ordunu ləkələməkdən də çəkinmirlər.”
 
 
S.Əbiyevin dövrü ilə indiki Ordunu müqayisə edən ehtiyatda olan zabit fikirlərini belə davam etdirib: "Bu gün Ordumuz dünya standartlarına uyğun silah, texnika, artilleriya, aviasiya, hava hücumundan müdafiə sistemləri ilə təchiz edilib. İri çaplı, uzaqmənzilli, özüyeriyən, idarəetmə məntəqəsindən idarə edilən, hədəfə qədər olan məsafəni, xarici faktorların təsirini və hədəfin koordinatlarını minimum insan faktoru ilə avtomatik təyin edə bilən, çətin ərazi şəraitində yüksək manevr qabiliyyətli müasir artilleriya qurğuları Ordunun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa imkan verir. Yeni nəsil reaktiv yaylım atəş sistemləri isə düşmənin dərinlikdə yerləşən silah-sursat anbarlarını, sığınacaqlarını darmadağın etməyə və hektarlarla ərazidə texnika və canlı qüvvəni məhv etməyə qadirdir”.
 
 
Onun fikrincə, S.Əbiyev uzun müddət Ordunun əlini-qolunu bağlı saxladı, təminatı sıfra bərabər vəziyyətdə oldu: "Səfər Əbiyev yol verdiyi xəyanətlərə görə cavabını vermək, başını aşağı salıb xəcalət içində yaşamaq əvəzinə Orduya qarşı kampaniya aparır. Azərbaycan Ordusu onun gedişi ilə dirçəlib və tarixinin ən uğurlu dövrünü yaşamağa başlayıb. Ona görə də Səfər Əbiyev Azərbaycan Ordusunun uğurlarını həzm edə bilmir. Sabiq nazir hələ də xaricdən müxtəlif kampaniyalar aparır, öz əlaltıları vasitəsilə Ordumuz haqqında mənfi fikir formalaşdırmağa çalışır. Lakin, Orduya xalq və Ali Baş Komandan lazımı dəyəri verir. Beləliklə xəyanətkar Səfər Əbiyevin bütün cəhdləri boşa çıxır”.
 
Ehtiyatda olan zabit vurğulayıb ki, hərbçiyə güvən və inam lazımdır: "Hərbçi bilməlidir ki, onun arxasında Ordu rəhbərliyi durub, Dövlət durub. Bilməlidir ki, Vətən yolunda canından keçsə anası bir oğul itirib min oğul qazanacaq. Bilməlidir ki düşmən öldürdü deyə heç kim onu mühakimə etməyəcək, əlindəki silah atacaq, kaska qoruyacaq, qumbara partlayacaq. Ona görə də hərbçinin yeməyindən, silahından, sursatından oğurlamaq, kəsmək ən azı Vətənə xəyanətdir! Səfər Əbiyevin belə xəyanətləri çox olub”.

RƏYLƏR