Əziz seçicilər,
Bildiyiniz kimi 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri keçiriləcək. Mənim namizədliyim də Yeni Azərbaycan Partiyası tərəfindən 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən irəli sürülüb.
Gəncə şəhərində doğulduğuma və məhz sizlərin arasında böyüdüyümə görə, sizlərin və şəhərimizin problemləri ilə daha yaxından tanışam
Seçicilərimizin sözlərini ölkənin Ali qanunverici orqanında səsləndirmək və layiqincə təmsil etmək mənim üçün qürurvericidir.
Xaricdə təhsil almış biri olaraq düşünürəm ki, təhsil ən sadə insan hüququdur, bu sahədə də Azərbaycanın güclü gələcəyi naminə görüləcək işlər var. Əldə etdiyim təcrübələrimi bu istiqamətdə istifadə edəcəm, dünya da mövcud olan uğurlu təcrübələri Gəncə gənclərinin inkişafına yönəltmək mənim üçün əsas məsələlərdəndir. Güclü Azərbaycan gəncliyi, güclü Azərbaycan deməkdir.
20 ilə yaxın Gənclər Sahəsində çalışan biri kimi, hər zaman gənclərin haqlı səsi olmağa çalışmışam, bundan sonra da sadəcə gənclərin deyil, həmdə orta və yaşlı nəslin səsi olacağam.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin iqtisadiyyatını dəstəkləmək üçün kiçik və orta biznes sahiblərinin fəaliyyətini daha səmərəli təşkili, eyni zamanda əhalinin məşğulluğunu təmin etmək üçün layihələr planı təqdim etmək və bu istiqamətdə fəaliyyətləri genişləndirmək məqsədlərimdən biridir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində hər gün seçicilərimizlə görüşlərimiz, səmimi söhbətlərimiz oldu, insanlarımızın gənclərə olan umidini və inamını görmək sevindiricidir. Bu müddət ərzində dairə üzrə 30-dan çox məhəllə görüşlərimiz oldu, insanlarımızı narahat edən ümumi problemləri qeyd etdik, onlarla ünsiyyətdə olduğuma və tanıdığıma görə çox şadam.
Bildiyiniz kimi Milli Məclis ölkənin əsas qanunverici orqanıdır, məhz bu səbəbdən sizləri bu həlledici prosesdə fəal olmağa dəvət edirəm və daha güclü Azərbaycan naminə səsimizə səs verməyə çağırıram.