'Artıq nəfəs darlığından ağlaya da bilmirəm. Ölüm bir addımlığımdadır' - Millət vəkili yazır

OXUNUB: 876 KÖŞƏ SOSİAL
Əziz dostlar. Dəyərli həmfikirlər...

Karantin qaydaları sərtləşdi. Düşünürəm, düz olan budur. Hətta daha sərt addımlar atılmalıdır. Əgər hər 5 ailədən birində "əşşi, boş şeydir, virus – filan yoxdur, hamısı siyasətdi” – deyənlər hələ də tapılırsa, dünyanın, ələlxüsus da Avropanın qan daman mənzərəsi, bir-birinin ardınca sıralanan tabutlar, video-sübutlar, ölüm sayları internet, məhz(!) internet əsrində yenə də müəyyən qism tərəfindən görməzdən keçilirsə, demək ki, başqa yol, çarə yoxdur. Qaydalar sərtləşməlidir!

Biz bir tək şəxsimizi deyil, həm də bir-birimizi qorumalıyıq. Kimsə həyata ikinci dəfə gəlmir. Ani bir səhv, səhlənkarlıq, məsuliyyətsizlik böyük bir faciə ilə sonuclana bilər. Təsəvvür edin, iraq olsun, sizə bir şey olmaz, əvəzində övladınıza olar. Ya yaşlı ananıza. Ya başqa bir doğmanıza. Ömrünüzün sonuna qədər bağışlaya bilərsinizmi özünüzü? Məncə xeyr. Mümkünatı yoxdur.

Buraxın kənara bütün kompleksləri, spesifikliyi, məziyyətləri. Buraxın kənara inanmamaq, guya ki fərqlənmək, ümumi vəziyyətə tabe olmamaq dirənişini. Buraxın kənara bəhsəbəhslikdən, tərslikdən doğan elementləri. Vəziyyət ciddidir. Çox ciddidir. Bu gerçəyi - inanmayanlara anladaq. İzah edək. Onlardan xahiş edək. Ortada bir insan həyatı varsa – hətta lap yalvaraq. Kütləvi yoluxma, qorxunc mənzərə yalnız və yalnız prosesə qeyri – ciddi yanaşma nəticəsində reallaşa bilər. İmkan verməyək buna. Potensial təlatümün qarşısını hərə bir şəkildə alsın. Kim necə bacarırsa, o şəkildə. Amma alsın!

Yaxın bir qardaşım o gün zəng edib həyəcanlı səslə deyir ki, atam hikkə edir. Düşür, həyətdə gəzir. Sərt danışa bilmirəm, çünki atamdır. Deyirəm cəzalandıracaqlar, onu da vecinə almır. Xəstəliyə isə gülür. Lütfən yardım elə...Dünən həmin kişiyə zəng eləmişəm. Danışmışıq bir xeyli. Yalan olmasın, bəlkə yarım saat. Axırda inandıra bilmişəm onu. Düzdür, oğlundan küsüb. Ki, ayıbdır, niyə Elşənə demisən. Amma olsun. Hətta məndən də küssün. Lap kəskin danışsın. Təki çıxmasın. Çıxmayıb bu 2 günü. Çox şükür. İnşallah bundan belə də çıxmaz. 

O gün binamızın altındakı marketin işçisi deyir, müəllim, nə məsləhətdi, maska taxım, qorunum, ehtiyat edim? Bu virus dəqiq var? İnanın, bilmədim nə cavab verim. Qəribə sualdı – təxminən o tipdə ki, tutaq, nə məsləhətdi, 20-ci mərtəbədən tullanım? Misal üçün, lap mən dedim boş söhbətdi, bəs öz düşüncən? Əlindəki telefonda "whatsapp”ın nəfəsini yarımca saatlıq dərib, arada bir xəbər saytına gir də, evdə bir televizor aç da, bir ağıllı adam dinlə də. Olmaz axı belə. SOS siqnalı çalınır, bu boyda karantin elanı var, günbəgün durum sərtləşir, bütün bu reallıq "müəllimin” məsləhətindən dahamı zəifdir? Mən biganə qalıb tərs, etinasız cavab versəm, həyat sənə gerçəkdənmi "vız” gələcək? Bütün bəşəriyyət boşu-boşunamı inildəyir, qırılır, məhv olur? 

Karanavirusa yoluxan italiyalı bərbər Julio Feranilonun ölümündən bir gün öncə, son nəfəsində həyat yoldaşına yazdığı mesaj dəhşətlidir: "Yadındamı, yeni il günü bu virus haqda danışıb nə qədər qəhqəhə çəkdik? Hətta ələ salıb onun şərəfinə viski badəsi belə qaldırdıq? Bax, həmin gülüş sonumu gətirdi. Artıq nəfəs darlığından ağlaya da bilmirəm. Ölüm bir addımlığımdadır. Hiss edirəm. Çox qorxuncdur. Özünü və övladımızı qoru.”

*

P.S. Tanrı hər birimizin köməyi olsun...
Dərin hörmətlə...

Elşən MUSAYEV
Millət vəkili

RƏYLƏR