Qərb mediası “Pulyuyan Rubeni” çirkli pullarla “yuyur”

OXUNUB: 173 KÖŞƏ Özəl SİYASƏT
Hazırda Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinə görə, istintaqa cəlb edilən, Qərb mediasının "yumağa” çalışdığı "Pulyuyan Ruben” Vardanyanın xüsusi təqdimata ehtiyac duymadığı qənaətindəyəm. Çünki vaxtilə Ruben və onun "camarşırxana”sının ifşa olunmasında, elə Qərb mediasının özü müstəsna rol oynayıb. 
İndi Qərbin bir sıra media resurslarının müxtəlif gəlişigözəl epitetləri arxasında gizlənən Ruben Vardanyan, əslində kimdir?
Vardanyanın 90-cı illərdə ələ keçirdiyi və 2012-ci ildə "Sberbank”a ötürdüyü "Troyka Dialoq” investisiya bankı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hesabatlarında, həmçinin "The Guardian”, "Suddeutsche Zeitung” və digər nəşrlərin araşdırmalarında çirkli pulların yuyulduğu "camaşırxana” adlandırılır. Bunun isə, çoxsaylı səbəbləri var. Rubenin "camaşırxana”sı fəaliyyətdə olduğu zaman kəsiyində təkcə London və Nyu-York şəhərlərində deyil, həmçinin Panama, Vircin adaları və digər offşor zonalarında törəmə müəssisələr açaraq çirkli pulların yuyulmasıyla məşğul olub. Bu offşor şirkələri vasitəsilə, Rusiyada hər kəsin yaxşı tanıdığı, Kremlin himayəsi altında olan Sergey Rolduqinin hesabına bir neçə il ərzində 4,5 milyard ABŞ dolları vəsait köçürüb, daha doğrusu, "yuyularaq” geri qaytarılıb. 
Vardanyanın offşor şirkətlərinin adı Litvada, Ukio Bankla bağlı aparılan istintaq materiallarında da özünü büruzə verib. Araşdırmalar zamanı bəlli olub ki, Ukio Bankda Vardanyanın "Troyka”sı ilə bağlı olan ən azı 30 şirkətə xidmət göstərilib və bu şirkətlərin adından yazışmaları isə "Troyka Dialoq” investisiya bankının əməkdaşları aparıblar. Bu yazışmaların nəticəsi olaraq, "Troyka” ilə bağlı olan şirkətlərin hesabından Ruben Vardanyanın və yaxınlarının bank kartlarına və hesablarına böyük məbləğlərdə vəsaitlər köçürülüb. 
İstintaqın nəticəsində 2013-cü ildə Litvanın ən böyük 5 bankından biri olan Ukio Bankın lisenziyası geri alınıb, bankın sahibi Vladimir Romanov isə dələduzluqda və Rusiyadan göndərilən çirkli pulların yuyulmasında ittiham olunub. Romanov dostlarının vasitəsilə Litvadan qaçmağa və 2017-ci ildə Rusiyada "siyası sığınacaq” almağa nail olub.
Ayrı-ayrı banklarla bağlı aparılan araşdırmalarda əldə olunan məlumatlara görə, "Troyka” təkcə Litvada bir-biri ilə bağlı olan 76 offşor firması yaradıb. Onların bir hissəsi, yuxarlda qeyd etdiyim kimi, təxminən 30 firma Ukio Bankda Ermənistandan mövsümi iş üçün gələn şəxslərin adına hesablar açıb. Jurnalistlər həmin şəxsləri tapıblar və onlarla söhbətdən aydın olub ki, "hesablarından” on milyonlarla dollar keçən bu şəxslər olduqca acınacaqlı vəziyyətdə yaşayırlar və ümumiyyətlə, heç nədən xəbərləri yoxdur. Yəni özünü az qala "ermənilərin xilaskarı”, "yardımsevər”, "mesenat” kimi təqdim edən Vardanyan, əslində postsovet ölkələrinə çörək pulu arxasınca gələn həmvətənlərini də aldadıb və onları öz dələduz əməllərinin girovuna çevirib.
Rəxminən 20 il ərzində "Troyka”nın az qala bütün dünyaya yayılmış offşor şəbəkəsinə Rusiyanın müxtəlif strukturlarından və şirkətlərindən milyardlarla vəsait daxil olub və "yuyularaq” çıxarılıb. Bu struktur və şirkətlərin bir hissəsinin adı isə Rusiyada və digər ölkələrdə açılan cinayət işlərində keçir.
Məsələn, məşhur "Maqnitski işi”nin istintaqı zamanı bəlli olub ki, adı cinayət materiallarında keçən şirkətlərin bir qismi "Troyka”nın offşor hesablarına 130 milyon dollar vəsait köçürüblər. 
Bununla yanaşı, "Şeremetovo” hava limanı ilə bağlı işin araşdırmaları zamanı da dövlətdən oğurlanan 27 milyon ABŞ dollarının Vardanyanın "camaşırxana”larına köçürüldüyü aşkarlanıb. Vəsaitlər müxtəlif xarici şirkələr vasitəsilə köçürülüb. Onlardan birinin, Avstriyada yerləşən Schulhof Investigation GMBH şirkətinin sahibi Erix Rebasso 2008-ci ildə, Vyanadkı polis bölməsində verdiyi izahatda Rusiyadan olan cinayətkar qrupla işbirliyində olduğunu etiraf edib. 2012-ci ildə Rebbasso ofisindən oğulanaraq qətlə yetirilib və onun qətlində Rusiyanın Kirov şəhərindən olan iki sabiq polis əməkdaşı günahkar bilinib. 
2008-2009-cu illərdə Vardanyanın offşor hesablarına, sonradan adları Moskva baş polis idarəsində sığorta şirkələri ilə bağlı aparılıan istintaqda adı keçən firmalar tərəfindən 17,5 milyon dollar vəsait köçürülüb. Sığorta şirkətləri "Troyka”ya bağlı olan offşor firmalarla saxta müqavilələr bağlayaraq, vergidən yayındırdıqları vəsitləri Vardanyanın "camaşırxana”larında "yuyublar”...
OCCRP-nin (Organized Crime and Corruption Reporting Project - Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi) jurnalistlərdən ibarət xüsusi qrupu və Litvanın 15min.lt xəbər portalı birgə araşdırmalar nəticəsində  Vardanyanın "Troyka Dialoq” investisiya bankının uzun illər çirkli pulların yuyulmasında iştirak etdiyini və həmçinin mütəşəkkil cinayətkar qrupların aktivlərinin yuyulmasına köməklik göstərdiyini müəyyən ediblər.
Qeyd edim ki, "Troyka Laundromat” (Troyka Camaşırxanası) çirkli pulların yuyulması mexanizmini əks etdirən məlumatlar tarixdə bank sənədlərinin ən böyük sızıntılarından biri hesab olunur. "Kolleksiya”da 223 min şirkət və fiziki şəxsin iştirak etdiyi sızdırılmış 1,3 milyondan çox köçürmə və ümumi dəyəri 344 milyard avro olan əməliyyatlar haqqında məlumatlar yer alıb. 
Belə ki, 2006-2013-cü illərdə 3,35 milyard dollardan çox kölgə aktivləri "Troyka”ya ötürülüb və bank Rusiyadan ən azı 3,6 milyard dollar çıxarmağa kömək edib. "Pulyuyan Ruben”in tərəfdaşları arasında "Raiffeisen” (Avstriya), "Deutsche Bank” (Almaniya) və "Citigroup” (ABŞ) da daxil olmaqla bir neçə Qərb bankının adı da keçir.... Offşor zonlaradan sözügedən banklar vasitəsilə "yuyulan” vəsaitlərin məbləği, təxminən 6 milyard dollar təşkil edir.
Köçürmələr, çirkli pulların ötürülməsində istifadə edilən ənənəvi metodlarla - kommersiya fəaliyyəti kimi maskalanıb. Ödənişlərə müxtəlif "mallar”, "metal məmulatlar” və "avtomobil hissələri” daxildir və  saxta əməliyyatların əksəriyyəti isə "Troyka” əməkdaşları tərəfindən imzalanıb.
Bu qədər... 
Ruben Vardanyanın və onun "camarşırxana”larının adının keçdiyi istintaq materiallarının, cinayət işlərinin, məhkəmə istintaqlarının sayı o qədər çoxdur ki, saatlarla yazmaq və danışmaq olar. Amma düşünürəm ki, buna xüsusi ehtiyac yoxdur. Çünki buraya qədər təqdim etdiyim faktlar Ruben Vardanyanın oğru və dələduz olduğu qənaətinə gəlmək üçün yetərlidir. 
Bu oğrunu, dələduzu, mütəşəkkil cinayətkar qruplarla, terrorçularla işbirliyi sübuta yetirilən qatı cinayətkarı, Vardanyan Rusiya vətəndaşı olanda ifşa edən  Qərb mediası indi "yuyub təmizə çıxarmaqla” məşğuldur. Daha doğrusu, "Pulyuyan Ruben”in çirkli pulları indi Qərb mediasında onun özünü "yuyur”.  Amma nədənsə Ruben Vardanyanın cinayətləri ilə bağlı hesabat açıqlayan, araşdırma yazıları hazırlayan media resurslarının, həmçinin OCCRP-nin səsi eşidilmir. Görünür, Rubenin "Citigroup”a məxsus maliyyə şəbəkələrində "dövriyyə vuran”  çirkli pullarından onlara da "pay” çatıb, ya da elə Vardanyanı "yuyanlardan” "susmaq haqqı” alıblar...

Elçin Mirzəbəyli

RƏYLƏR