54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?

OXUNUB: 0 GÜNDƏM Özəl İQTİSADİYYAT
Ağdərə–Kəlbəcər yolunun Ağdərənin Qozlu körpü kəndi ilə Çərəkdar kəndi arasındakı hissəsində yaranmış vəziyyət vətəndaşların haqlı narazılığına səbəb olub.

Məlumata görə, sözügedən ərazidə yol hərəkəti ilə bağlı müəyyən məhdudiyyət və ya dəyişiklik tətbiq edilsə də, bu barədə vətəndaşlara əvvəlcədən heç bir məlumat verilməyib. Daha ciddi məqam isə ondan ibarətdir ki, ərazidə xidmət aparan postlara da əvvəlcədən müvafiq xəbərdarlığın edilmədiyi bildirilir.

Belə vəziyyətdə yola çıxan sürücülər və digər vətəndaşlar qarşılaşdıqları məhdudiyyətin səbəbini, nə qədər davam edəcəyini və alternativ hərəkət istiqamətinin olub-olmadığını bilmirlər.

Burada ortaya kifayət qədər ciddi suallar çıxır: Vətəndaşların vaxtında məlumatlandırılması niyə təmin edilməyib? Yol üzərində xidmət aparan postlara niyə əvvəlcədən xəbərdarlıq edilməyib? Yolun hərəkət üçün məhdudlaşdırılması və ya digər dəyişiklik barədə məlumatlandırma işini hansı qurum həyata keçirməli idi?

Əgər yolun müəyyən hissəsində hər hansı iş aparılırsa və ya təhlükəsizlik səbəbindən hərəkətə məhdudiyyət qoyulursa, bununla bağlı sürücülərin əvvəlcədən məlumatlandırılması ən elementar təşkilati məsələlərdən biri olmalıdır. İnsanları yola çıxardıqdan sonra qarşılarına gözlənilməz məhdudiyyət qoymaq isə həm vaxt itkisinə, həm də əlavə narazılığa səbəb ola bilər.

Xüsusilə Ağdərə–Kəlbəcər kimi strateji və hərəkət intensivliyi baxımından əhəmiyyətli istiqamətdə belə məsələlərə daha ciddi yanaşılmalıdır. Vətəndaş yolun vəziyyətini, hərəkət məhdudiyyətlərini və mümkün dəyişiklikləri əvvəlcədən bilməlidir.

Məsələ ilə bağlı adı çəkilən 54 saylı Yol İstismar İdarəsinin mövqeyi də maraqlıdır. İdarə bu vəziyyətlə bağlı vətəndaşlara və aidiyyəti postlara hansı məlumatı verib? Əgər heç bir xəbərdarlıq edilməyibsə, bunun səbəbi nədir? Bu məsuliyyətsizliyə görə konkret olaraq kim cavabdehdir?

Vətəndaşlardan tələb olunan qaydalara əməl etməkdirsə, dövlət qurumlarından da öz üzərinə düşən vəzifəni vaxtında və düzgün yerinə yetirmək tələb olunur.

Yol var, post var, vətəndaş var. Bəs məlumatlandırma niyə yoxdur?

Aidiyyəti qurumların bu suallara aydınlıq gətirməsi və yaranmış vəziyyətlə bağlı ictimaiyyətə rəsmi məlumat verməsi gözlənilir.

7news.az olaraq məsələ ilə bağlı videonu təqdim edirik:
 

RƏYLƏR