Sabah qışın daha mülayim hesab edilən "Böyük çillə”si bitir, yanvarın 30-u isə daha soyuq sayılan "Kiçik çillə” başlayır.
Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür.
Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən, Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir.
Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.
Dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən "Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur. İyirmi gün davam edən "Kiçik çillə”də isə "Böyük çillə”yə nisbətən hava daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:
"Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində "Böyük çillə”dən "Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri "çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.
"Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:
"Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir”.
Qeyd edək ki, bəzi mənbələr "Çil” sözünü "çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan "çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.
İcmal.Az