“Banklarda vətəndaşları onlayn növbəlilik prinsipi ilə qəbul etsinlər” – Təklif

OXUNUB: 959 BANK

Ölkədə ciddi karantin rejimi tətbiq olunmadan əvvəl ən çox sıxlığın müşahidə edildiyi yerlərdən biri də bankların qarşısı idi. Müşahidələrə əsasən, deyə bilərik ki, burada insanlar nə maska taxır, nə də sosial məsafəni gözləyirdi. Hətta 4-5 saat bu vəziyyətdə növbəsinin çatmasını gözləyənlər olurdu. 2 həftəlik ciddi karantin rejiminin tətbiqindən sonra isə əvvəlki ilə müqayisədə bankların qarşısında vətəndaşların sayı azalsa da, ümumi sıxlığın aradan qalxmadığının şahidi olduq. İnsanlar bəzən 2 saatlıq icazə alaraq evdən çıxsalar da, bu sıxlıq səbəbilə işlərini tamamlamadan geri dönürlər

Maraqlıdır, banklarda onlayn növbəyə yazılmaq mümkün deyilmi? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenisabah.az-a açıqlama verərək bildirib ki, banklarda onlayn növbəliliyi təmin etmək üçün müəyyən texniki təminat lazımdır: 

"Əslində, mümkündür. Sadəcə bildiyim qədərilə, bizim bank sektorunun onlayn növbəliliyi təmin etmək üçün xüsusi proqramları yoxdur, bu günədək o sistemlə işləməyiblər. ASAN Xidmətlə əməkdaşlıq nəticəsində o proqramları hökumət hazır alaraq banklara ötürə bilər. Burada böyük problem yoxdur, sadəcə problem ondadır ki, hətta ASAN Xidmətdə belə müəyyən qədər resurs cəlb edilməsinə, növbəliliyin təminatında kömək olunmasına baxmayaraq, sıxlıq olur. Çünki bəzi insanlar vaxtından əvvəl gedirlər. İnsanlarımız bu məsələdə daha diqqətli olmalıdırlar. Bu, biraz da mental məsələdir, cəmiyyətin davranış məsələsidir. Amma yenə də mümkün bütün imkanlardan istifadə edərək növbəlilik prinsipini də təmin etmək olar. Bunu təmin etmək elə də çətin deyil, İT sahəsidir. Lakin proqram təminatının yaradılmasının nə qədər vaxt alacağını bilmirəm. Bankların xidmətinə tələbat nisbətən daha çox olur”. 

Ekspert qeyd edib ki, Azərbaycanda əhali onlayn xidmətlərdən çox az istifadə edir: 

"Banklara gedəndə görürsünüz ki, 50-60 adam varsa, onların 40 nəfəri sadəcə kommunal ödənişlər edirlər. İnsanlar bu istiqamətdə maarifləndirilməlidir ki, mümkün imkanlardan istifadə edərək bu ödənişlər həyat keçirilsin. Axı bunun üçün nə gedib orada növbə yaratmağa, nə vaxt itkisinə ehtiyac var. Təəssüf ki, bizdə xüsusilə, orta və yaşlı insanların böyük əksəriyyəti bu şəkildə öz davranışlarını müəyyənləşdirirlər, əllərində olan kredit kartlarından belə nağdlaşdırma vasitəsi kimi istifadə edir. Gedib bankomatın qarşısında növbə yaradırlar. Burada həqiqətən, maarifləndirmə çox vacib məsələdir. Çünki hətta nağd ödəniş edirlərsə də, hər yerdə MilliÖn aparatları var, heç olmasa, onların xidmətlərindən istifadə eləsinlər. Onlayn "application”ı yükləyə bilmirlərsə, internet üzərindən ödəniş onlara çətin gəlirsə, buna üz tuta bilərlər. Bildirim ki, maarifləndirmənin uzunmüddətli nəticələri də yaxşı ola bilər. Çünki ölkədə nağdsız ödəniş zəif inkişaf edibdir”. 

Əhrəm Həsənov diqqətə çatdırıb ki, hazırda ölkədə nağd plun dövriyyəsi çox böyükdür: 

"Onun dövriyyəsi istənilən halda başqa fəsadlar yaradır, xüsusilə də kölgə iqtisadiyyatının ana qaynağı məhz dövriyyədir. Amma təəssüf ki bizdə insanlarımız nəinki tövsiyyələrə, hətta qaydalara belə əməl etməmək üçün müqavimət göstərirlər”. 

Maarifləndirmə işinin kim tərəfindən aparılmasına gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, proses həm banklar, həm də dövlət tərəfindən həyata keçirilməlidir: 

"Maarifləndirmə işlərinin müəyyən xərci var, burada əsas yükü dövlət üzərinə götürməlidir. Amma korporativ sosial məsuliyyət deyilən bir şey var, banklar da bu cəmiyyətin bir parçasıdır və mümkün qədər çalışmalıdır ki, bu proseslərdə iştirak etsinlər. Düzünü desək, bu dediklərimizdən qısamüddətli dövrdə nəticə əldə olunacaq bir məsələ deyil. 14 gündən söhbət gedirsə, maarifləndirmə ilə bağlı heç bir nəticə əldə edə bilməyəcəyik. Lakin nəzərə almaq lazımdır ki, pandemiyanın nə vaxt bitəcəyi bilinmir. Ola bilər ki, ilin sonunadək, yaxun bir il bundan sonrayadək davam etsin. Ona görə də prosesə artıq start verilməlidir. Qısamüddətli dövrdə problemin həlli ancaq və ancaq o zaman mümkün olar ki, banklarda vətəndaşları onlayn növbəlilik prinsipi ilə qəbul etsinlər, bəlkə o zaman nisbətən bu istiqamətdə mövcud olan problemlər aradan qalxar”. 

7News.Az

RƏYLƏR