Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "KÖLGƏ" tamaşası Bərdə şəhərində nümayiş etdirilib. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan Emiliya Bayramovanın "KÖLGƏ" tamaşasının əsas məqsədi məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, qadına şiddət haqqında ictimai fikirdə dəyişiklik yaratmaq, bu sahəyə ictimaiyyətin diqqətini cəlb etmək və cəmiyyətdə insanların bu problemi daha düzgün dərk etmələrinə nail olmaq, eyni zamanda da məişət zorakılığının qurbanı olan şəxslərin sosial müdafiəsidir.
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu layihənin də əsas funksiyası cəmiyyətə ailə, qadın və uşaq problemlərinin mövcudluğunu göstərmək və bu problemlərin həlli yolunu tapmağa nail olmaqdır. 60 dəqiqə davam edən tamaşada müxtəlif fonlar (kölgələr) və pantomima şəklində epizodlar Bərdə şəhərinin gənc könüllü aktyorlarının nümayişində tamaşaçılara çatdırılmışdır.
İcmal.Az