Bir yaşlı körpəni çimərliyə aparıb, qarpız yediriblər, sonra isə…

OXUNUB: 234 SOSİAL
Bir yaşlı Anar Əhmədov qida zəhərlənməsi diaqnozu ilə ötən həftə xəstəxanaya yerləşdirilib. Bəlli olub ki, uşağa qarpız yediriblər. Anarın müalicə aldığı palatada qidadan zəhərlənən daha iki uşaq müalicə alır. Ötən ay isə bir ailənin 4 üzvü qidadan zəhərlənmişdi. Mütəxəsislər yayda zəhərlənmələrin sayının artdığını nəzərə alaraq əhaliyə xəbərdarqlıq edirlər.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyir ki, yayda qida zəhərlənmələrinin artmasının səbəbləri müxtəlifdir. Havanın hərarəti çox olanda da müəyyən patogen mikroblar inkişaf edir. Üstəlik, isti havada mövsüm xarakterli yeməklər, o cümlədən meyvə və tərəvəzlərlə qidalanma zəhərlənmələrin artmasına səbəb olur. "Təəssüf ki, son vaxtlar qida zəhərlənmələri təkcə yayda deyil, müxtəlif aylarda müşahidə edilir. Çünki qışda da qarpız, xiyar-pomidor yeyirlər. Hər bir insanın qidalanma mədəniyyəti olmalıdır. Bilməlidirlər ki, meyvə-tərəvəz yetişdiyi dövrdə yeyilməlidir. Məsələn, qarpızın iyulun sonunda, avqustun əvvəlində yeyilməsi məsləhətdir”, - Babayeva virtualaz.org saytına açıqlamasında söyləyib.

Əksər meyvə-tərəvəz, bostan bitkiləri gübrələrlə yetişdirilir. Həkim deyir ki, bu da zəhərlənmələrə, ən yaxşı halda allergiyaya səbəb olur: "İnsanın xroniki mədə-bağırsaq və ya qaraciyər-öd xəstəlikləri varsa, qidalanmasını tənzimləməlidir. Çox zaman bu xəstəliklərin kəskinləşməsi qida zəhərlənməsi ilə dəyişik salınır”.

Bir yaşlı körpəni çimərliyə aparıb, qarpız yediriblər, sonra isə…


Həkim deyir ki, süd və ağartı məmulatları alanda son istifadə müddətinə və saxlama şəraitinə diqqət edilməlidir. Çünki yayda bu məhsullardan zəhərlənmə daha çox olur. Eyni zamanda, çimərliyə gedəndə kolbasa, sosiska, dönər, lahmacun və ya qarpız aparmaq, uzun müddət günün altında qalmış bu qidalardan istifadə etmək tövsiyə olunmur.

Pediatr Nəcibə Məmmədova zəhərlənmələrlə bağlı müraciətlərin artdığını təsdiq edir və bunda valideynləri günahlandırır. "Valideyn 10 aylıq uşağı çimərliyə aparır, orada saatlarla günün altında qalan qarpızdan yedirir. Deyir ki, uşaq bütün qidalardan dadmalıdır. Uşağı saatlarla istidə çimərlikdə saxlamaq olmaz, hələ üstəlik qarpız da yedirirlər”, - həkim deyir. Onun sözlərinə görə, dondurma, dönər, kola kimi içkilər uşaqların mədə-bağırsağında problemlər yaradır: "Qışdan fərqli olaraq indi müraciətlər artıb. Valideynlər bilməlidirlər ki, müəyyən ət məhsulları, məsələn, dönər yayda uzun müddət saxlanıla bilməz. Bu məhsulların 2-3 saat düzgün şəraitdə saxlanılmaması insanın qida zəhərlənməsinə səbəb ola bilir”.

Eyni zamanda, mövsümboyu qarpızdan zəhərlənmə şikayəti ilə müraciətlər olur. Həkim söyləyir ki, küçədə günün altında saxlanılan qarpız zəhərlənməyə səbəb olur. Qarpız kəsilmədən əvvəl mütləq yuyulmalıdır, çünki üzərindəki mikroblar daxilə keçə bilər. Bir neçə saatdan sonra həmin mikroblar, patogenləşərək orda inkişaf edir. Beləliklə də, qarpızı yedikdən sonra zəhərlənmə əlamətləri başlayır, ürəkbulanma, qusma, hərarət olur. N.Məmmədova azyaşlılara sadalanan qidalardan verilməməsini tövsiyə edir./Virtualaz.org

İcmal.Az

RƏYLƏR