Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib

OXUNUB: 977 GÜNDƏM SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 102 illiyinə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib... 

AzərTACın müxbiri xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun moderatorluğu ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cümhuriyyətinin varisləri – AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, Türkiyədə yaşayıb fəaliyyət göstərən Xalq artisti, dirijor Ramiz Məlikaslanov, AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi, ABŞ-dakı Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri, Gəncə Şəhər Dumasının üzvü olmuş Ələkbər Rəfibəylinin və AXC-nin ilk səhiyyə naziri və Gəncə valisi Xudadat bəy Rəfibəylinin qohumu, Bursada yaşayan İlhami Əsgəran, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi, istiqlal şairi Əhməd Cavadın nəvəsi, İsraildə yaşayan Yaqut Abdullayeva, Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.

Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açaraq 102 il əvvəl xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan komitə sədri bildirib ki, Prezident İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirir. Dövlət başçımızın sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. R.Hüseynov cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.

Moderator qeyd edib ki, cümhuriyyət qurucuları elə böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: "Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir".

R.Hüseynov onu da diqqətə çatdırıb ki, 1918-ci ildə Bakının azad edilməsindən sonra Gəncədən buraya köçən Azərbaycan hökumətinin iş və yaşama yeri ovaxtkı "Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Elə buna görə də qurucu babaların şərəfinə indi muzeyin böyük zalı "İstiqlal zalı” adlandırılır, ilk parlamentimizin sədri olmuş Əlimərdan bəy Topçubaşovun Parisdən gətirilmiş məzar daşı burada saxlanılır və onların xatirəsi muzeydə hər gün canlıdır.

Moderator vurğulayıb ki, bu gün biz cümhuriyyət quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir insanın – siyasətçinin də, sıravi əsgərin də, adi vətəndaşımızın da xidmətlərini məhəbbət və ehtiramla yad edirik. İnanırıq ki, gələcək nəsillər də bu şanlı tariximizi həmişə hörmətlə anacaq.

Sonra R.Hüseynov Şeyxzamanlılar nəslinin nümayəndəsi Tomriz Azəriyə söz verib. T.Azəri AXC-nin əhəmiyyətindən danışmaqla yanaşı, atası və əmisi ilə bağlı xatirələrini bölüşüb, valideynlərinin onları uşaqlıq çağlarından azərbaycançı ruhda tərbiyə etdiklərini vurğulayıb.

Müzakirələr zamanı Azərbaycan diasporunun milli düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.

Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyəti, Azərbaycanın dünyadakı mövqeyi, Qarabağ uğrunda aparılan mübarizə, ərazi bütövlüyümüzün təmin olunması, dünya azərbaycanlılarının birləşməsində, diasporun təşkilatlanmasında, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yüksək səviyyəli diaspor siyasətinin dünya azərbaycanlılarının yekdilliyinə və birliyinə gətirib çıxarmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətindəki fəaliyyətindən danışıblar.

Fuad Muradov əlavə edib ki, COVID-19 pandemiyası dönəmində məhz Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən, xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətimizin diqqət və qayğısını hiss ediblər.

Müzakirələri yekunlaşdıran akademik Rafael Hüseynov 101 il öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 1 yaşı qeyd olunarkən, 1919-cu ilin 28 mayında baş nazir Nəsib bəy Yusifbəylinin söylədiyi "Biz cümhuriyyətimizin ikinci ilinə millətimizin ittihad və ittifaqı ümidi ilə qədəm basırıq” sözlərini xatırlayaraq dünya boyu səpələnmiş həmvətənlərimizi istiqlalımız və müstəqilliyimizin daha da sarsılmaz olması naminə bu gün əvvəlki zamanlardan da daha artıq birliyə, həmrəyliyə çağırıb.

Müstəqilliyə, dövlətimizin möhkəmlənməsinə xidmət edən bütün görkəmli şəxsiyyətlərin böyük sevgi, hörmət və ehtiramla xatırlandığı videokonfrans cümhuriyyətin 100 illiyi ilə bağlı AXC varislərinə yubiley medallarının təqdim olunmasını əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

7News.Az

RƏYLƏR