"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...

OXUNUB: 878 GÜNDƏM SİYASƏT
Dünən mediadan oxudum: "Toplum TV” və "Abzas Media”nın başbilənləri maliyyə mənbələri haqda verilən bütün suallardan birmənalı şəkildə yayınırlar və o mövzunu qətiyyən yaxına buraxmırlar.

Məlum gedişat əlbət ki, gözlənilən idi. Çünki "deşifrə” üçün veriləcək ixtiyari kod əslində faktiki olaraq bütün şəbəkənin ifşası deməkdir. Belədə isə həmin şəbəkənin Bakı təmsilçiləri ən bədəbəd ehtimalla Avropa Məhkəməsi qarşısında artistlik eləmək hüququnu (perspektivini) qoruyub saxlamış olurlar.

Yaxşı bəs nədir, bu media adı ilə ortalıqda var-gəl edən təsisatların sirri? Onları kim ortalığa buraxır, maliyyələşdirir və istiqamətləndirir?

Bunu bilmək üçün öncəlliklə 10 il əvvələ ekskurs edək. O dövrə ki, Xədicə İsmayıl adlı şəxs "Azadlıq” Radiosunun rəhbərliyindən qəfil istefa verir və araşdırmaçı jurnalistika ilə (?) məşğul olduğunu bəyan edir.

Qısa bir haşiyə çıxım: "Narıncılar” estafetinin məhz Azərbaycanda durdurulması və bununla da  Çin Şarp konsepsiyasının ("sakit inqilab” texnologiyasının bibliyası hesab edilir) fiaskoya uğraması Qərb dairələrinin gözlənilən aqressiyası ilə müşayət olundu və... Növbəti etapda onların birbaşa patronajlığı ilə həyata keçirilən dövlət çevirilişi cəhdi də (2005-ci il. Əsas icraçılardan biri ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş idi), öncədən ssenariləşdirilən "İsmayıllı hadisələri” də, "Binə” üsyanı da, anidən devrəyə girən "söyüş müxalifəti” də, hətta bəzi radikal müxalifət təmsilçilərinin övladlarının bəlli ölkələrdə (məsələn, Kanada və Böyük Britaniyada) agentura şəbəkəsinə cəlb edilməsi də məlum aqressiyadan doğan təzahürat idi.

Amma mən bu gün...2007-ci ildən etibarən meydana buraxılan, yenə də Qərbin aqressiya məhsulu olan, öz sabit-riyakar kursunu uzun illər boyunca qoruyub saxlamağı bacaran və nəhayət: "peşəkar” casuslardan ibarət komanda ilə işləyən "OCCPR” ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) adlı qondarma qurumun fəaliyyətinə xüsusi fokuslanacam. Həmçinin, yazı əsnasında bunun səbəbini də açıqlayacam.   

Niyə məhz "OCCPR?” Çünki, hazırkı "Toplum TV” və "Abzas Media” həmin qurumun törəmələridir. Çünki, onun sabiq Bakı təmsilçisi də Xədicə olub, "Toplum TV”nin mövcud baş redaktoru da Xədicədir.

Çünki, bu yaramaz şəbəkə 9 il əvvəl də araşdırma adı ilə, araşdırmaçı qiyafəsi ilə şou göstərib, janqlyorluq edirdi, indi də.

Zamanında "OCCPR”in fəaliyyətini araşdıran biri kimi isə əsas onu deyə bilərəm ki, "sabun köpüyü”nü xatırladan bu qondarma təşkilatın izi məchullarda dolaşır. İtir. Mənbə yoxdur. Və ya, kağız üzərində Silikon vadisindən Stenford İnstitutuna, Merilenddən Buxarestə, Endryu Sallivandan Raul Radula (biznes resurslarına girişi təmin edən məşhur haker) qədər yüzlərlə ad keçsə də, son ünvan görünmür!

Eynən "Toplum TV” və "Abzas Media”da olduğu kimi!

Yəni, bunlar üzdə mediadır. Dərində isə hər iki üzü görünməyən medaldır.

Bunlar üzdə araşdırmaçıdır. Dərində isə əsl qarışdırmaçıdır.

***

Yeri gəlmişkən. Qərbin Azərbaycana qarşı təxribat plan(lar)ı daim 3-4 variant (kanal) üzərindən qurulub və nə qəribədir, o kanalların bir-biri ilə əlaqələndirilməsinə heç bir zaman ehtiyac duyulmayıb.  

Məsələn, İbadoğlunu "lider” olmağa inandıranlar təxminən Türkiyədə "İmamoğlu” variantına "stavka” qoyanlardır. Təbii, Qərb tərəfindən. Və burada plana uyğun olaraq "ziyalı”, "alim”, "professor” amili üzərindən iş aparılmalı, guya fərqli platforma təqdim edilməli və cəmiyyətə yeni impuls ötürülməli idi. Nəticə? Sıfır. Fiasko. Çünki, ifşa olundular.

FETÖ xətti də həmçinin. Bir ara yüksək dövlət vəzifələrinə, ölkənin ən strateji biznes strukturlarına (kəşfiyyat məqsədilə) qədər sızmışdılar. Nəticə? Sıfır. Fiasko. Çünki, ifşa olundular.

Və ya, bayaq haqqında danışdığım "söyüş müxalifəti”. Onların timsalında (şəxsində) məqsəd bu idi ki, aqressiv mübarizəni, söyüş söymək rahatlığını, tabe olmamağı geniş şəkildə təbliğ etsinlər. Amma əvvəl-əvvəl tutaq ki, Vidadinin, Orduxanın, digərlərinin videolarına baxış sayı yüksək olsa da, sonradan həmin rəqəm 5-10 nəfərə qədər endi və bu xəttin "maya qoyanları” növbəti mərhələdə Tural, Sevinc kimi diletantlarla geridönüş edə bilmədilər. Yenə də nəticə?  Sıfır. Fiasko. Çünki, ifşa olundular.  

Nəhayət: "Araşdırmaçı jurnalistika” adı altında mediaya, jurnalistikaya tamamən aidiyyatı olmayan fəaliyyətlə məşğul olan bir qrup qisasçılar. Təsisatlar. "OCCPR”in filialları. Ən çox pul yeyən, pul udan, pul silən kanallar...

Onlara, konkret olaraq "Toplum TV”yə yarandığı gündən etibarən yarım milyon dollar həcmində pul ötülürdüyü deyilir. Amma nəzərə alın: yalnız Gürcüstan üzərindən və dollar valyutası ilə!

Bunun hələ Fransası var, Almaniyası var, evrosu var, funt sterlinqi var, qızıl saatı, brilliant qolbağı var, bitkoini var...

Maliyyə sel kimi gəlib, süpürgə ilə yığılıb, Azərbaycanı məhv etmək üçün xərclənib.

Yəni, mövzu budur və əmin olun ki, həbsə atılan kimsə günahsız deyil!

P.S. Dövlət - ona onurğasından balta çalanları bağışlamır...

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.      

RƏYLƏR